CƏMİYYƏT
Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdlərinin qarşısı alınıb
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş məqsədyönlü əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində son günlərdə narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdlərinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 15-də saat 18:00 radələrində Xidmətin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi tərəfindən Lənkəran rayonunun Qamışovka və Siyavar kəndləri istiqamətində sahildən 12,7 mil məsafədə naməlum üzmə vasitəsinin Azərbaycan Respublikasının dəniz sektoruna daxil olması müşahidə edilib. Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi hədəfi izləyərkən o, sürətlə cənub istiqamətinə doğru hərəkət edərək, Azərbaycanın ərazi sularını tərk edib. Naməlum üzmə vasitəsinin hərəkət koordinatlarına baxış zamanı dənizdə buya bərkidilmiş bağlamanın içərisində tünd qara rəngli bərk halda çəkisi 995 qram olan tiryək aşkarlanaraq götürülüb.
Yanvarın 17-20-də saat 20:50 radələrində DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsinin müqabilində İran İslam Respublikasında atışma səsləri eşildiyi üçün sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib. Həmin ərazi dərhal qapadılıb, ətrafda axtarış tədbirləri keçirilib. Nəticədə iki çantanın içərisində 6,1 kiloqram heroin, 1,8 kiloqram metamfetamin, 200 qram tiryək və qayalıqların arasında gizlədilmiş iki bağlamanın içərisində 14 kiloqram 850 qram tiryək və 6708 ədəd metadon-40 həbi aşkarlanıb.
Bundan başqa, yanvarın 20-də “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı 1983-cü il təvəllüdlü Bani Bayrami Maghsood Rezaghilinin üzərinə baxış keçirilərkən onun daxili orqanlarından 71 qram metamfetamin və 137 qram heroin aşkarlanıb. Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Azərbaycan Respublikasının vətəndaşları, Masallı rayon sakinləri 1969-cu il təvəllüdlü Hüseynov Mikayıl Mürvət oğlu və 1972-ci təvəllüdlü Əliyev Eldar Şakir oğlu saxlanılıblar.
Yanvarın 23-də saat 00:53 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmiş Beyləqan rayon sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qəhrəmanov Elməddin Seyfəddin oğlu sərhəd pozucusu qismində saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən sellofana bükülmüş halda 1080 qram kokos tərkibli narkotik maddə, 5 qram marixuana və mobil telefon aşkarlanaraq götürülüb.
Faktlarla bağlı müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.