CƏMİYYƏT
«Dövlət və Din» ictimai fikir toplusunun yeni sayı çapdan çıxmışdır
Bakı, 26 oktabr (AZƏRTAC). Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və Din" ictimai fikir toplusunun builki 5-ci sayı işıq üzü görmüşdür.
Toplu Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə Azərbaycanın yəhudi icmasına təbriki, həmçinin Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etməsi, Şeyxülislam hacı Allahşükür Paşazadənin Ramazan ayı münasibətilə təşkil etdiyi iftar mərasimində olması haqda məlumat, dövlət başçısının iftar mərasimindəki nitqi verilmişdir.
Bu sayda oxuculara Vüqar Pənahovun rus dilində "Sovremennoe primenenie prinsipa samoopredeleniya narodov i natsiy" və Seyran Vəliyevin "O vremeni i meste vozniknoveniya Zoroastrizma" məqalələri təqdim olunur.
“Azərbaycan gerçəkliyi” bölməsində "Təktanrılıq - Dədə Qorqud dindarlığı", "Azərbaycan türkcəsində ilk Quran təfsiri", "Şahdağ xalqları: toy adətləri, yas mərasimləri", "Azərbaycan ədəbiyyatının əlyazma mətnlərində mərsiyə janrı", “Cəmiyyət və din” rubrikasında "Sovet hakimiyyətinin Azərbaycanda dini ayinlərə və mərasimlərə qarşı mübarizəsi", "Geopolitik maraqların həyata keçirilməsində din amili", "İlham nədir?", "İslam dünyasında elm: Şərq və Qərb dəyərləndirmələrində təzadlar" və sair yazılar maraqla oxunur.
"Abidələr"dir rubrikasında oxucular "Əcaib-əd-dünya" ("Dünyanın qəribəlikləri") əsəri mühüm mənbə kimi" və "Sədr əş-Şəriə əs-Saninin əsərləri Əbdülqəni Nuxəvinin kolleksiyasında" məqalələri ilə tanış ola biləcəklər.
“Tarixə pəncərə” bölməsində "Nəriman Nərimanovun milli ruhlu publisistikasına dair", "Svastika həqiqətləri" və "Həlak edilmiş qövmlər" başlıqlı məqalələr, "İslam həqiqətləri" rubrikası maraqlı faktlarla diqqəti cəlb edir.
Toplunun daimi və maraqlı bölmələrindən biri də "Əsrlər və şəxsiyyətlər"dir. Bu sayda oxucular Məhəmməd Əbdühün həyat və yaradıcılığı haqda məlumat alacaq, "Şəmsəddin Məhəmməd Cüveyni və Naxçıvan" məqaləsi ilə tanış ola biləcəklər.
Ənənəvi "Dinlər, təriqətlər, cərəyanlar və təlimlər" rubrikasında "Manilik", "Səmavi dinlərdə günah anlayışı" və başqa yazılar yer almışdır.
Toplunun bu sayında da dini terminlərin izahlı lüğətinin davamı dərc olunmuşdur.
######