CƏMİYYƏT
“Dövlət və din” ictimai fikir toplusunun yeni sayı çapdan çıxmışdır
Bakı, 23 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2010-cu ildə sonuncu - 6-cı sayı işıq üzü görmüşdür.
Toplu ənənəvi “Rəsmi guşə” bölməsi ilə açılır. Bu rubrikada Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlığı haqqında ətraflı məlumat verilmişdir.
Bu bölmədə, həmçinin İran Prezidenti Mahmud Əhmədinejadın Təzəpir məscid kompleksinə ziyarəti barədə informasiya da oxucuların diqqətinə çatdırılmışdır.
Toplu rus dilində məqalələrin çapı ənənəsini davam etdirir. Bu sayda Həsənağa Məmmədlinin “Cəmiyyət və Din” rubrikası altında dərc olunmuş “Problemı filosofskoqo reliqiovedeniya” yazısı dərc edilmişdir. Bölmədə, həmçinin “Dini dünyagörüşün həmenerji (sinerji) yaratmaq imkanı və İslamda həmrəylik məsələsi”, “Nizamülmülkün “Siyasətnamə” əsərində dövlət-din münasibətlərinə dair”, “Dinsizliyə yönəlmə amilləri”, “Şəxsiyyətin sosiallaşmasında dinin rolu” və s. məqalələr yer almışdır.
“İslam həqiqətləri” adlı üçüncü bölmədə Vasif Sadıqlının “Mələk Cəbrail”, Faizə Müslihin “Məsrəf və onun tənzimlənməsi”, Mahir Qəniyevin “Quran təfsirinin mənbələri”, Əsgər Cəlilinin “İslam hüququnda “həbs” və “cəza” anlayışları”, Sadiq Mirzəyevin “İslam - insanlığa biçilmiş dəyər” və Faiq Əhmədzadənin “Quran ecazkarlığının təbiət elmləri ilə əlaqəsi” başlıqlı yazıları dərc edilmişdir.
“Abidələr” bölməsində Yaxın Şərqdəki Budda mənbələri, daşla bağlı ayinlər və dəfn adətləri haqqında yazılar dərc olunmuşdur.
Toplunun daimi və maraqlı bölmələrindən biri də “Əsrlər və şəxsiyyətlər”dir. Jurnalın bu sayında oxucular Ceyhun Məmmədovun “Richanul-kəffə fi bəyan nubzətin min əxbər əhlis-suffə” əsərinin elmi-paleoqrafik xüsusiyyətləri”, Ülviyyə Səlimbəyovanın “Nəsimi poeziyasında Qurani-Kərimin batini şərhi”, Namiq Zeynəddinin “Məhəmməd İqbalın həyat və yaradıcılığı” və s. məqalələrlə tanış ola biləcəklər.
Ənənəvi “Tarixə pəncərə” rubrikasıda verilmiş məqalələrdə isə dünya müsəlmanlarının birliyində beynəlxalq İslam təşkilatlarının rolundan bəhs olunur, qədim Naxçıvan İslam sivilizasiyasının elm və mədəniyyət mərkəzlərindən biri kimi təqdim edilir.
“Dinlər, təriqətlər və cərəyanlar” bölməsində “Xristianlıq şəriətinə dair” və “Şumer dini” başlıqlı iki məqalə dərc olunmuşdur.
“Dövlət və Din”in bu sayında da ənənəvi olaraq dini terminlərin izahlı lüğətinin davamı dərc olunmuşdur.
“İcma siyahıları” bölməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yenidən qeydiyyatdan keçmiş dini icmaların siyahısının davamı verilmişdir.
######