İQTİSADİYYAT
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində gənclərin Şəbəkələşmə Forumu təşkil olunub
![](/files/galleryphoto/2021/3/1200x630/1630681964333452778_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1630681964229439890_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16306819641745254204_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1630681964212348289_1200x630.jpg)
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə avqustun 28-dən sentyabrın 1-dək Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati kompleksində xaricdə yaşayan və məzun olan azərbaycanlı gənclərin Şəbəkələşmə Forumu keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdə milli birliyimizin rolu, postmünaqişə dövründə Qarabağın dirçəlişi, Böyük Qayıdış prosesində gənclərin fəallığı, xaricdə təhsil alan və məzun olan şəxslərin şəbəkələşməsinin əhəmiyyətindən danışıb.
Tədbirin ilk günündə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Ramin Məmmədov, Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclərlə iş sektorunun müdiri Emin Rüstəmov və digər qonaqlar çıxış ediblər.
Forumda Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan tələbələrinin xaricdə təhsil almaları üçün müvafiq proqramın qəbul edilməsinin gənclərimizə yaratdığı fürsət və imkanlardan bəhs edilib, dövlətimizin başçısının xaricdə təhsil alan tələbələrin gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaqları və respublikamızın hərtərəfli inkişafına verəcəkləri töhfələr ilə bağlı fikirləri xüsusilə qabardılaraq, xaricdə yaşayan və məzun olmuş azərbaycanlı gənclərin Azərbaycan Prezidentinin bu yüksək etimadını doğrultmaq üçün əllərindən gələni edəcəklərinə inam ifadə olunub.
Forumun növbəti günlərində ictimai xadimlərin, blogerlərin və məzun gənclərin iştirakı ilə müxtəlif görüşlər keçirilib, gənclərin sahibkarlıq, eləcə də xaricdə təhsil alan gənclərin diaspor fəaliyyəti və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.
ASAP-ın baş katibi və regional koordinatorlar təşkilatın birillik hesabatı və gələcək layihələr barədə ətraflı məlumat veriblər. Tədbir çərçivəsində iştirakçıların Şamaxı Cümə məscidinə, Tarix Diyarşünaslıq Muzeyinə, Yeddi Günbəz türbəsinə və Narın qalaya ekskursiyaları təşkil olunub.
Azərbaycanlı gənclərin ilk Şəbəkələşmə Forumunun təşkil olunmasında əsas məqsəd ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edən, informasiya mübadiləsində aktivlik nümayiş etdirən, nüfuzlu universitetlərdə təhsil alan və məzun olmuş vətənpərvər gəncləri bir araya gətirmək və onların şəbəkələşmə prosesinə dəstək olmaqdır.
Beş gün davam edən forumda 17 ölkədə təhsil alan və məzun olmuş gənclər iştirak ediblər.