Dövlətçilik tariximizin ayrılmaz parçası – İrəvan
Bakı, 7 sentyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası sədrinin müavini, professor Eynəddin Məmmədov “Dövlətçilik tariximizin ayrılmaz parçası - İrəvan” sərlövhəli məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin sonunda Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə proqram xarakterli bir fikir səsləndirdi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər... İndiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Əslində dövlət başçısı səsləndirdiyi bu cür dəyərli fikirlərlə icma qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Bu baxımdan Qərbi Azərbaycan ərazisində erməni saxtakarlığına və vandalizminə məruz qalmış maddi və qeyri-maddi irsimizin tədqiqi, dünya ictimaiyyətinə çatdırılması indiki dövrdə daha vacib əhəmiyyət daşıyır.
Qərbi Azərbaycanda, İrəvan xanlığının ərazisində tarix boyu Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri inşa olunmuş, bölgədəki bütün toponimlər, hidronimlər və oykonimlər türklərə məxsus olmuşdur. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Qərbi Azərbaycan ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanlıqları və bu qəbiristanlıqlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardır. Eyni zamanda, Qərbi Azərbaycanda yaşayan, şəcərəsi yüz illər öncəyə uzanan məşhur nəsillər, tanınmış ziyalılar, alimlər və dövlət xadimləri bu torpaqların əzəli türk yurdu olduğunu isbatlayan əvəzsiz faktlardır. Bütün bunlar Qərbi Azərbaycan pasportu olmaqla yanaşı, bizim milli kodlarımızı təyin edir.
Hazırda Ermənistanın yerləşdiyi, çar Rusiyası tərəfindən işğaladək Azərbaycan dövləti olan İrəvan xanlığının mövcud olduğu qədim türk torpaqları Azərbaycan xalqının etnogenezisində yaxından iştirak etmiş kimmer, skit, sak, hun, qıpçaq və oğuz türklərinin ana yurdu və özlərindən sonra zəngin tarixi miras buraxdıqları ərazilərdir. Müxtəlif işğalçı imperiyaların hökmranlıq dövrləri istisna olmaqla, bu ərazilər həmişə Azərbaycan dövlətlərinin tərkibində olmuşdur.
Bilavasitə İrəvan şəhərinin yerləşdiyi ərazi isə müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Atabəylər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlılar, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir.
Tarixi mənbələrə görə, Səfəvi hökmdarı Şah İsmayıl 1501-ci ildə Çuxur-Səəd əyalətini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə etmişdir. Kiçik bir yaşayış məntəqəsi ərazisində salınan İrəvan şəhəri tezliklə mühüm iqtisadi mərkəzə, sərt istehkamlı qalaya çevrilmişdir.
İrəvan qalasında və şəhərdə nadir memarlıq inciləri hesab edilən məscidlər, karvansaralar, hamamlar inşa edilmiş, parklar salınmışdı. Şəhərə Qırxbulaq yaylasından içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində İrəvan yaşıllıqlara qərq olmuşdu. 1679-cu il iyunun 4-də baş verən zəlzələ şəhəri bütövlüklə dağıtsa da, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdir.
Osmanlı dövləti ilə Qacar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalası Rusiyanın da uzun müddət ərzində əsas maraq obyekti olmuşdur.
XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Lakin XVIII əsrdən başlayaraq regionda geosiyasi vəziyyət sürətlə dəyişməyə başlayır. XVIII-XIX əsrlərdə Rusiya imperiyasının “isti dənizlər”ə çıxmaq məqsədilə cənuba doğru genişlənmə siyasəti onu yeni “müttəfiq” axtarışlarına sövq edir. Bu işdə yerli xalqlarla ittifaq qura bilməyəcəyini anlayan çar imperiyasının ideoloqları Osmanlı dövlətinə vaxtaşırı xəyanətləri nəticəsində sahibsiz qalmış, pərən-pərən düşmüş gəlmələri - erməniləri təbii müttəfiq kimi görürdülər.
Çar Rusiyası Azərbaycan torpaqlarının işğalında ermənilərin köməyindən, erməni xəyanətindən dövlət səviyyəsində istifadə edirdi. Məsələn, çarın həmin dövrdə verilmiş bir fərmanına bununla bağlı ayrıca bənd daxil edilmişdi: "...Hər cür nəvazişlə erməniləri öz tərəfinizə çəkməyi xüsusi olaraq sizin ixtiyarınıza buraxıram".
Beləliklə, Osmanlı və Qacar imperiyaları ilə müharibələrdə üstünlük əldə edən Rusiya Qafqazı istila etməyə başlayır, parçalanmış vəziyyətdə olan Azərbaycan xanlıqlarını bir-bir işğal edir. Şiddətli müqavimət göstərməsinə baxmayaraq, İrəvan xanlığı da süqut edir. Qacarlar dövləti və Rusiya imperiyası arasında 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinin şərtlərinə görə, İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə keçir. Bundan sonra İrəvan və Naxçıvan xanlığı, həmçinin Ordubad mahalının ərazisində qurulan erməni vilayəti İran və daha sonra Osmanlı imperiyasından ermənilərin köçürülməsi üçün əsas mərkəz olaraq seçilir.
Qərbi Azərbaycanın “erməniləşdirilməsi”
Erməniləşdirilmə - tarixi Azərbaycan torpaqlarının etnik, siyasi, dini, mədəni, coğrafi və tarixi zəmində rusların təhriki və iştirakı ilə zorla dəyişdirilərək ermənilərə verilməsini təmin etmək siyasəti idi. Bu siyasət müxtəlif vasitələrlə (köçürmə, saxtalaşdırma, yerli xalqın deportasiyası və s.) Azərbaycan ərazilərində ermənilərin sürətli demoqrafik artımını təmin etmək, etibarlı müttəfiq qismində gələcək erməni dövlətinin qurulması üçün zəmin hazırlamağa əsaslanırdı.
Tanınmış tarixçi, professor Ə.Ələkbərli qeyd edir ki, Qafqazın planlı şəkildə erməniləşdirilməsinin tarixi 1431-ci ildə Qriqor Makulu adlı bir erməninin Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəmdən Üçkilsənin (Eçmiədzinin) və bir neçə ətraf kəndin ərazisini pulla satın alması ilə başlayır. Ermənilərin türklərə qarşı soyqırımı isə ilk dəfə 1801-ci ildə Gürcüstanın Rusiya tərəfindən işğalından sonra Gürcüstan ərazisində, Loru mahalında qeydə alınır.
Bütün tarixi mənbələrin təhlili onu göstərir ki, tarix boyu ermənilər azsaylı xalq kimi həm Şimali, həm də Cənubi Azərbaycanın müəyyən yaşayış məntəqələrində kompakt şəkildə yaşayıblar. Onların kütləvi şəkildə hansısa bir əraziyə nəzarət etməsindən söhbət belə getmir. Az sayda olmaları onları regionda dominant olan türklərlə hər hansı qarşıdurmaya getməkdən çəkindirmiş, türklərə qarşı baş qaldırmasına da imkan verməmişdir. Təsadüfi deyil ki, ermənilərlə türklər arasında ilk genişmiqyaslı qarşıdurma 1905-1906-cı illərdə qeydə alınmışdır. Həmin illərdəki erməni-müsəlman davasında təkcə İrəvan və Yelizavetpol quberniyalarında 200-dən artıq kəndi ermənilər yerlə-yeksan etmiş və əhalisini soyqırımına məruz qoymuşlar. "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün daşnaklar xüsusilə İrəvan, Gəncə və Qarabağ mahallarında olan bütün türk yaşayış məntəqələrini viran qoymağı, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləməyi qarşılarına məqsəd qoymuşdular.
Bu münaqişənin kökləri Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə, ermənilərin Qafqazda, xüsusilə Azərbaycan torpaqlarında sayının artırılması və gələcəkdə onların qondarma dövlətlərinin qurulması planlarına əsaslanırdı. Belə ki, XVIII əsrin əvvəllərində I Pyotr planlarını həyata keçirmək üçün əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini qırmaq məqsədilə ermənilərin və xristianların bu bölgələrə köçürülməsini vacib sayırdı. Bu siyasətin arxasında bir neçə əsas məqsəd gizlənirdi:
1. Digər regional güclərin təsirini azaltmaq və Rusiyanın bu bölgədə hərbi-siyasi dayaqlarını formalaşdırmaq.
2. İmperiyanın müsəlman dünyasına qapısı hesab olunan Azərbaycanda möhkəmlənmək.
3. Avropada baş qaldıran milli-etnik kimlik axınının tezliklə bu bölgəyə də yayılacağını ön görərək, hələ də “müsəlman” anlayışının üstünlük təşkil etdiyi bölgəyə erməniləri yerləşdirməklə gələcək etnik qarşıdurmalar üçün də zəmin hazırlamaq.
4. Rusiyanın Şərq siyasətində gələcəkdə mühüm rol oynaya biləcək erməniləri Osmanlı imperiyası ilə sərhəddə yerləşən Naxçıvan, İrəvan, Zəngəzur və Qarabağa köçürərək bölgədə erməni üstünlüyünü təşkil etmək. Nəticədə eyni soy-kökdən olan iki qardaş millətin gələcəkdə baş tuta biləcək istənilən yaxınlaşmasının qarşısını almaq. Bu siyasət Rusiyanın sonrakı planlarında, xüsusilə sovet dövründə soydaşlarımızın sərhədyanı bölgələrdən köçürülməsi siyasətində daha aydın özünü göstərir.
5. Ticarətdə şöhrət qazanmış ermənilərdən Şərqlə ticarət əlaqələrini genişləndirmək üçün istifadə etmək (bu barədə S.N.Qlinkanın 1831-ci ildə çapdan çıxmış, sonralar bir neçə dəfə yenidən nəşr olunmuş kitabından oxuyuruq: “Şərqdə öz ticarətini genişləndirmək istəyən Pyotr erməniləri nəzərindən qaçıra bilməzdi... O, faydalı həmvətəndaşlar kimi erməniləri Rusiyaya daxil olmağa dəvət etmiş və bir dindaş kimi onları himayə etməyə və qorumağa inandırmışdı”).
Qeyd olunan məqsədləri həyata keçirmək üçün formalaşdırılan siyasətin ilk genişmiqyaslı mərhələsi Azərbaycanın Rusiya tərəfindən işğalı və iki yerə bölünməsi, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə başladı. Bu müqavilələrə əsasən, Rusiyanın nəzarətinə keçən Şimali Azərbaycan ərazisinə erməni ailələrin köçürülməsi nəticəsində əhalinin say tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi baş verdi.
I Pyotrun bu siyasi xətti və vəsiyyətləri onun varisləri tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi. Plana uyğun şəkildə İrandan köçürülən ermənilərin sayı 40 min nəfərdən çox idi. Bununla yanaşı, 1828-1829-cu il rus-türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 minədək erməni köçürüldü.
Ermənilərin yaşadıqları əraziyə sonradan gəlmələri barədə Rusiyanın Tehrandakı səfiri və rus tarixçisi N.İ.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür”. O, özünün “Zaqafqaziyada rus işinə təhlükə” adlı əsərində qeyd edir: “1826-1828-ci illər müharibəsindən sonrakı iki ildə, yəni, 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya İranın Xoy, Səlmas və Marağa əyalətlərindən 40 min erməni və eləcə də 84 min 600 Türkiyə ermənisi köçürülmüş, onlar erməni millətinin az yaşadığı Yelizavetpolun və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir”.
Bu faktı 1986-cı ildə İrəvan Dövlət Universitetinin nəşr etdirdiyi çoxcildlik “Ermənistan və ətraf rayonların toponim lüğəti” kitabı bir daha təsdiq edir. Orada göstərilir ki, Ermənistan ərazisindəki erməni kəndlərinin 70 faizindən çoxunda “əvvəlki sakinlər 1828-1829-cu illərdə Türkiyə və İrandan gəlmiş erməni mühacirlərdir”.
Ermənilər Qafqaza köçürülərkən onların harada yerləşdirilməsinə xüsusi diqqət yetirilirdi. Belə ki, bu ideyanın əsas müəlliflərindən olan A.S.Qriboyedov yazırdı: "Rus ordusunun tutduğu rayonlardan - Təbriz, Xoy, Səlmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır". Bu, onu göstərir ki, Şimali Azərbaycan ərazisində məskunlaşdırılma siyasəti, qabaqcadan müəyyən edilmiş münbit, strateji cəhətdən əlverişli, bol təbii resurslara malik Azərbaycan torpaqlarında ermənilərin kompakt şəkildə məskunlaşdırılmasını özündə ehtiva edirdi.
Beləliklə, öz dövlətlərinə malik olmayan ermənilər bu məqsədlərinə çatmaq üçün Rusiyanın imperiya siyasətinin həyata keçirilməsində alət rolunu oynadılar.
Qədim türk yurdu - İrəvan şəhəri
XX əsrin əvvəllərində ermənilərin başlıca planlarından biri də qədim Azərbaycan şəhəri olan İrəvanı erməniləşdirmək və erməni şəhərinə çevirmək olmuşdur. Onlar bu məqsədlərinə xüsusilə 1918-ci ildən sonra nail olmağa başlamışlar. Həmin tarixdən İrəvanın erməni dövlətinin paytaxtına çevrilməsi ilə şəhərin əsl sahibləri olan Azərbaycan türklərindən təmizlənmə prosesi güclənmişdir. Şəhərin memarlıq üslubunu dəyişmək və türklərin bütün izlərini silmək məqsədilə İrəvana gətirilən memar Aleksandr Tamanyana bunun üçün baş plan hazırlanması tapşırılır. Onun tərəfindən hazırlanan baş plan 1924-cü ildə təsdiq edilir. Bununla da xalqımıza məxsus olan memarlıq abidələrinin məhv edilməsi və yer adlarının dəyişdirilməsi prosesi start götürür.
XIX əsrin əvvəllərində rus qoşunlarının işğalından sonra şəhərin adı
Erivan kimi yazılmış, daha sonralar, XX əsrdə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır. İrəvan şəhəri və onun ətrafındakı çay, göl, dağ, dərə, yaşayış məntəqələri, məhəllələr və s.-in adlarının mütləq əksəriyyətinin türkcə olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur.
Xüsusilə ermənilər tərəfindən tamamilə yer üzündən silinən İrəvan qalası 60-dək bürcü ilə arxitektura baxımından Şərqin, Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri olmuşdur. Qaladakı Sərdar sarayı, Sərdar məscidi, XVII əsrin nadir memarlıq abidəsi olan Göy məscid səyyahları həmişə heyran qoymuşdur. Qalada daha yeddi məscid, iki-üç mərtəbəli yaşayış evləri, kişi və qadın hamamları, çoxlu sayda karvansaralar olmuşdur. İrəvan qalasından söz açan bir çox səyyahların işlətdikləri - Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkü məhəllələri, Dəlməbulaq, Qırxbulaq, Sərdar bulaqları, Gedərçay, Qırxbulaq, Zəngi çayları, Dərə bağı, Dərəkənd, Şəhər, Fəhlə, Böyük meydanları, Göy məscid, Qala məscidi, Hacı Bəyim məscidi, Zal xan məscidi, Günlüklü məscidi, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə təpələri və s. toponimlər şəhərin zəngin türk mirasına sahiblik etdiyini göstərən önəmli göstəricidir.
Ümumiyyətlə, İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir.
1918-ci il mayın 28-də Cənubi Qafqazda müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərinin yaradılması bəyan edilir. Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə də İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getdi. Bunun ardınca isə 1918-1920-ci illərdə Ararat Respublikasının daşnak hökuməti bütün bölgələrdə olduğu kimi, İrəvan şəhərində də azərbaycanlılara qarşı soyqırımı həyata keçirmiş, onlara məxsus abidələr isə vəhşicəsinə dağıdılmışdı. Məscidlərə od vurulmuş, azərbaycanlıların evləri talan və qəsb edilmişdi. Sovet hakimiyyəti illərində də Ermənistanda azərbaycanlılara qarşı təzyiqlər və deportasiya siyasəti yeridilmişdi. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında İrəvan şəhərində həyata keçirilən yenidənqurma işləri daha çox dinlə mübarizə şüarı altında aparılsa da, əslində, azərbaycanlıların izlərini silməyə xidmət edirdi. Göy məscidin binasında İrəvan Şəhər Tarix Muzeyi yerləşdirilmiş, Zal xan (Şəhər) məscidi Rəssamlar İttifaqının sərgi salonuna çevrilmiş, Dəmirbulaq məscidindən başqa yerdə qalan bütün məscidlər yerlə-yeksan edilmişdi. Dəmirbulaq məscidi isə 1988-ci ilin martında erməni vandalları tərəfindən yandırılmışdı. Həmçinin Sərdar sarayı, İrəvan qalasının divarları sökülərək daşlarından Sahil bulvarının salınmasında istifadə edilmişdi. Şəhərin köhnə hissəsində azərbaycanlılar yaşayan məhəllələr sökülərək yerində parklar, kinoteatrlar, meydanlar salınmışdı.
Prezident İlham Əliyev çıxışlarının birində məhz bu məqama diqqət çəkərək vurğulamışdır: “Göstərin, görək İrəvanın tarixi mərkəzi haradır? Haradadır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir. Haradadır bunun tarixi mərkəzi? İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə - Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb”.
Bəli, İrəvan yeganə şəhərdir ki, qədimliyi barədə çoxlu erməni uydurmaları olsa da, şəhərdəki tarixi abidələrin yaşı 200 ili keçmir. Çünki İrəvandakı tarixi-memarlıq abidələrin hamısı azərbaycanlılara məxsus olduğu üçün ermənilər tərəfindən yerlə-yeksan edilib. Vaxtilə əhalisinin mütləq əksəriyyəti türklərdən ibarət olan şəhər bu gün monoetnik erməni şəhərinə çevrilib.
Bu bölgə əvvəllər, XV əsrin əvvəllərindən etibarən Qaraqoyunlu tayfa birliyinə daxil olan Səədli tayfasının başçıları tərəfindən idarə olunmuş və yerləşdiyi coğrafi mövqeyinə görə Çuxur Səəd, yəni Səədin Çuxuru adlandırılmışdır. Bəzi mənbələrdə həm də İrəvan ölkəsi adlanan Çuxur-Səəd hakimi Əmir Səədin vəfatından sonra 1413-cü ildə oğlu Pir Hüseyn tərəfindən inşa olunan ailə məqbərəsi hazırda İrəvan şəhəri yaxınlığındakı Cəfərabad (1946-cı ildən Arqavand adı veriblər) kəndinin ərazisindədir və həmin abidəni indi ermənilər “türkmən abidəsi” kimi qələmə verirlər.
Nadir şah Əfşarın hakimiyyəti dövründə də, yəni 1736-cı ildən İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində olmuşdur. 1747-ci ildə Nadir şahın qətlindən sonra Əfşarlar imperiyası dağılmış, müstəqil xanlıqlar yaranmışdı. Azərbaycanın digər xanlıqları kimi, İrəvan xanlığı da inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar da kəndlərə bölünmüşdü.
İrəvan şəhərinin özündə çoxsaylı daimi erməni əhalisi olmayıb. Hələ XVIII əsrin əvvəllərində İrəvan şəhərində oturaq erməni əhalinin yaşamadığını həmin dövrə aid arxiv sənədləri də təsdiq edir.
İrəvan şəhəri yarandığı vaxtdan XIX əsrin birinci yarısınadək bütövlükdə türk yurdu olmuşdur. Bir neçə çəkməçi-çanaqçını çıxmaq şərtilə şəhərdə köklü erməni ailəsi mövcud olmamışdır. Bunu həmin dövrə aid arxiv sənədləri də təsdiq edir. Belə ki, 1827-ci ildə İrəvanda 2400 ailədə cəmi 12 min əhali yaşayırdı. Şəhərin ruslar tərəfindən işğalından sonra isə yerli kübar əhalinin bir hissəsi İrana və Türkiyəyə köçməyə məcbur olmuş, onların boş qalmış evlərində isə həmin ölkələrdən gəlmiş ermənilər məskunlaşmışdır. Nəticədə 1828-ci ildə İrəvanda türk əhalinin sayı 1807 ailədə 7331 nəfərə enmiş, ermənilərin sayı isə 567 ailədə 2379 nəfərə çatmışdır. Bununla belə, hələ şəhərdə 4 xan, 41 bəy və sultan ailəsinə qarşı cəmi 8 erməni məlik ailəsi yaşayırdı. 50 nəfər axund və mollaya qarşı cəmi 8 nəfər keşiş vardı.
XIX yüzilliyin ortalarına qədər İrəvan şəhər əhalisinin say dinamikası haqqında maraqlı faktlar mövcuddur. 1834-cü ildə şəhərdə 2751 ailə qeydə alınmışdı. Bunlardan 1807-si Azərbaycan türkü, 898-i erməni, 40-ı qaraçı ailəsi idi. Ümumi sayı 11 min 463 nəfər olan əhalinin 5897 nəfəri kişi, 5566 nəfəri isə qadın idi. Başqa bir məlumata görə, şəhərin kişi əhalisinin sayı 5900 nəfər olmuş, onlardan 3752-ni Azərbaycan türkləri, 2148-ni isə ermənilər təşkil edirdilər. 1851-ci ildə isə İrəvan şəhərində 2606 ailə və yaxud 12603 nəfər qeydə alınmışdı. Ailələrdən 6488-i azərbaycanlılar, 6115-i isə ermənilər olub. Bu ailələrdən 2276-sı vergi ödəyən, 91-i xan, bəy, molla və seyid kimi, 239 nəfəri isə qulluqla bağlı vergi ödəmirdi.
Gördüyümüz kimi, 16 il ərzində şəhər əhalisinin artımı çox cüzi olub, vur-tut 1140 nəfər artmışdı. Həmin dövrü nəzərdən keçirdikdə bu rəqəm heç də inandırıcı görünmür. Əldə olunan məlumatlardan görmək olar ki, Rusiya hökumət orqanları əhalini siyahıya alarkən obyektivliyə riayət etmirdi. Əvvəla, kütləvi xəstəlikdən ölən Azərbaycan türklərinin sayı gizlədilirdi. İkinci məsələ onların artımına aid idi. Belə ki, yalnız ermənilərin doğum sayını bildirən yaş kağızı verilirdi. Azərbaycan türklərinin nəinki belə vəsiqəsi yox idi, hətta onların artımını bildirən doğum halları heç bir yerdə qeydə alınmırdı.
Beləliklə, çar Rusiyası tərəfindən Qərbi Azərbaycanın sürətlə türksüzləşdirilməsi və erməniləşdirilməsi siyasətinə baxmayaraq, XIX əsrin ikinci yarısına doğru hələ də bölgədə dominantlıq türklərdə idi. Burada xan, bəy, ruhani və sıravi zümrələrdən minlərlə azərbaycanlı ailə yaşamaqda davam edirdi. İrəvandakı çoxsaylı əsil-nəcabətli ailələr, onların tarixin dərinliklərinə boylanan zəngin şəcərələri, yəni şəhərin demoqrafik tərkibi də onun tarixinə işıq tutmaqda bizə əvəzsiz imkanlar təqdim edir.
İrəvan şəhəri bin tutub, buta bağlayandan bəy-bəzirgan soylarına yurd olmuşdur. Şəhərdə xan silkindən İrəvanskilər (qacarlar), Makinskilər (bayatlar), sultan nəslindən Sultanovlar, bəy silkindən Muğanlinskilər, Hacibəylinskilər, Məmmədbəyovlar, Məcnunbəyovlar, Qasımbəyovlar, Qədimbəyovlar, Cəfərbəyovlar, Kərimbəyovlar, Bağırbəyovlar, Süleymanbəyovlar, İsmixanovlar, ruhani silkindən Şeyxülislamovlar, Seyxzadələr, Qazıyevlər, Qazızadələr, Axundovlar, seyid zümrəsindən Mirbabayevlər, Mirbağırovlar, Seyidzadələr, Seyidovlar, vəzifədar zümrəsindən Vəzirovlar, Topçubaşovlar, Münşiyevlər, Mirzəyevlər, tacir silkindən Rəcəbovlar, İsmayılovlar, Cəmilovlar, Mahmudovlar, Tarıverdiyevlər, meşşan silkindən Ququşovlar, Bağırovlar va basqaları yaşayırdılar.
İrəvanın tanınmış soylarından biri də ruhani silkindən olan, mənim və ailəmin davamçısı olduğumuz Məmmədovlar nəslidir. Məmmədovların XVIII əsrdə yaşamış Şeyx Əbdülfəttah İrəvanidən başlayan şəcərəsi onun varisləri şeyxülislam Hacı Mirzə Məhəmmədbağır, tarixdə “Fazil İrəvani” ləqəbi ilə şöhrət qazanan Şeyх Məhəmməd İrəvani, Şeyx Cavad İrəvani, ayətullah Şeyx Mahmud İrəvani, Şeyx Mürtəza İrəvani, ayətullаh Şeyх Məhəmmədtağı İrəvаni, ayətullаh Şeyх Məhəmmədbаğır İrəvаni, Kəlbə Hüseyn bəy Aşüftə və b. ilə davam edir. Əksəriyyəti Nəcəfi-Əşrəfdə yüksək dini təhsil almışdır, hər biri Azərbaycanın islam tarixində özünəməxsus yeri olan, lakin Azərbaycan elmi ictimaiyyətinə yaxşı tanış olmayan böyük şəxsiyyətlərdir.
Mənim atam Hüseynin ulu babası olan şeyxülislam Hacı Mirzə Məmmədbağır (?-1910) İrəvan quberniyası ruhani məclisinin sədri və quberniya qazısı vəzifəsini daşımış, tanınmış din alimi kimi şöhrət qazanmışdır. Azərbaycan və Gürcüstandakı arxiv sənədləri arasında Şeyx Məmmədbağırın 1874-1910-cu illəri əhatə edən şəxsi qovluğunda soyadı Qazızadə kimi qeyd olunmuşdur. Ata-babaları İrəvan əyalətinin qazızı vəzifəsində çalışdıqlarında bu soyadla tanınıblar. Bəzi sənədlərdə Hacı Mirzə Məhəmməd, axund Məhəmməd kimi də əks olunur.
Şeyx Məhəmmədbağır Qazızadə böyük maarifçi olmuş, öz evində rus-tatar məktəbini açmış və pedaqoji fəaliyyətinə görə 1898-ci ildə 3-cu dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. Bununla bağlı Gürcüstan Milli Muzeyinin, gürcü alimlərinin təqdim etdiyi tarixi sənədlər, rus şərqşünas-fotoqraf D.İ.Yermakovun (1845-1916) çəkdiyi fotoşəkillər, çar II Nikolayın İrəvan qalasının bərpa edilməsi haqqında arxiv sənədləri və digər mühüm sübutlar İrəvan xanlığının Azərbaycanın qədim əraziləri olduğunu göstərən danılmaz faktlardır.
Şeyx Molla Məhəmmədbağır Qazızadə və onun maarifçiliyə töhfəsi
Dünyada hər bir millətin özünəməxsus maarifçilik, pedaqoji fikir tarixi vardır ki, bunlar dünya elm və mədəniyyət xəzinəsinə əvəzsiz töhfədir. Odur ki, böyüyən nəslin təhsil və tərbiyəsinə dair nəzəri baxışları, bu sahədə təcrübənin inkişafına təsir göstərən pedaqoji ideyaları yalnız hansısa bir xalqa aid etmək düzgün olmaz. Belə ki, pedaqoji fikrinin dəyərli nailiyyətləri təkcə ayrı-ayrı xalqlara deyil, bütövlüklə bəşər mədəniyyətinə məxsusdur.
Söhbət açdığımız dövrün mütərəqqi ictimai-bədii fikir daşıyıcılarının nəzərində elm və maarif işıqlı sabaha çıxmaq, zülm və sitəmdən qurtulmaq vasitəsi olub. Yəni, bu hərəkatın simasını müəyyənləşdirən maarifçilikdir. Ziyalılar xalqı işıqlı gələcək uğrunda mübarizəyə səfərbər etmək, xalqın şüuruna elm nuru saçmaq yolunda maarifə ilkin və başlıca hazırlıq mərhələsi kimi baxırdılar. Belə ki, “XIX əsr Azərbaycan maarifçiliyini səciyyələndirən əsas cəhət mübarizənin despotizmin, özbaşınalığın, fiziki və mənəvi zülmün əleyhinə, eləcə də xalqın, millətin iqtisadi və mədəni əsarətdən azad olunması səmtinə yönəldilməsidir. Azərbaycan maarifçiliyində elm-maarifi yaymaq, şəxsiyyət azadlığının təbliği, mövhumata, despotizmə qarşı mübarizə məsələləri qabarıq şəkildə özünü göstərir”.
Erməni tarixçisi Tadevos Hakopyan yazır ki, 1923-cü ildə İrəvandakı məscid və kilsələrdən əlyazmalar toplanaraq Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdi. Məscidlərdə saxlanılan əksəriyyəti ərəb və fars dillərində əlyazmaların böyük əksəriyyəti Quran və müsəlman dininə aid kitablar olsa da, içərilərində dünyəvi məzmunlu şeirlər və bədii yaradıcılıq nümunələri də vardı. Həmçinin evlərdə tarixə aid qiymətli məlumatlar olan əlyazmalar saxlanırdı [Hakobyan T. Yerevanın tarixi. 1500-1800-cü illər. Yerevan, 1971, s. 283].
XIX əsrin sonlarına doğru başlayan bu yeniləşmə hərəkatı maarifin xalq arasında yayılması, geniş kütlənin savadlanması ilə müşayiət olunur. Bu hərəkatın fəalları əməli işlərində xalqın maariflənməsi ilə, ədəbi fəaliyyətlərində də maarifçilik ideyalarının təbliği ilə məşğul olublar.
Tarixən inzibati və mədəni mərkəz olan İrəvanda maarifçilik ictimai və mədəni hərəkatı müstəvisində yeni məktəblər açılışı ilə bərabər əvvəlkilərə kamil mütəxəssislər gətirmək səyləri ilə də yadda qalıb.
Bu işin önündə gedən Axund Molla Məhəmmədbağır Qazızadə məktəblərə Zaqafqaziya Müəllimlər Seminariyasının müdavimlərini dəvət edirdi. O, şəxsi nüfuzundan istifadə edib, müsəlman balalarını rus məktəblərinə cəlb edirdi.
Lakin M.Qazızadə kimi ruhanilər elə də çox olmayıb, mollaların əksəriyyəti yerlərdə qabaqcıl maarif-mədəniyyət ocaqlarının inkişafına açıqdan-açığa olmasa da, hər halda maneələr yaratmağa çalışırdılar. 1889-cu ilədək İrəvan və İrəvan quberniyasında 49 ruhani dairəsi (“prixod”) vardı ki, müsəlmanlara xidmət edirdi. Bu dairələrin mollaları 1873-1879-cu illərdə qubernator tərəfindən təyin edilirdi. 1891-ci ildə İrəvan şəhərində 8 məscid, 11 dairə olub, qəzalarda isə məscidlərin sayı 37-yə çatmışdı.
Məhəmmədbağır Qazızadə ibtidai təhsilini əvvəlcə atasından, sonra da mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri bütün bölgənin elm və bilik mərkəzi hesab edilirdi. On il bu mötəbər elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək müxtəlif İslam elmlərini əxz etmişdi.
Molla Məhəmmədbağır Qazızadə ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, habelə qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı. Molla Məhəmmədbağır Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanına layiq görülmüşdü. Uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu. O, din alimlərinin böyüklərindən biri kimi fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləri, habelə ədəbiyyat və şeirdə dərin bilik və məharət sahibi olub.
Molla Məhəmmədbağır Qazızadə İrəvan Quberniya Ruhani Məclisində Abbasqulu Sultanhüseynbəyov, Molla Xəlil Qazızadə, Molla Abdulla Qazızadə, Molla Zeynalabdin Qurbanzadə, Pənah xan Makinski, Kərim bəy Münşiyev, Lütfəli bəy Qazıyev, Hüseyn bəy Məcnunbəyov, İsmayıl bəy Bağırbəyov, Şəfi bəy Mürsəlbəyov, Mehdi bəy Sultanov və digərləri ilə çiyin-çiyinə çalışmışdı. Molla Məhəmmədbağır Qazızadə pedaqoji fəaliyyətlə də məşğul idi. 1881-ci ildə açılan İrəvan müəllimlər seminariyasında direktor Stepan Suşevskinin rəhbərliyi ilə 69 şagirdə hüquq, Azərbaycan dili, rus dili və ədəbiyyatı və başqa fənlərdən dərs deyən Q.Qənbərov, M.Klopovla çiyin-çiyinə çalışmışdır.
XIX əsrin sonlarına doğru İrəvan şəhərində yeni məktəblər açılır, teatr həvəskarları tez-tez tamaşalar göstərirdilər. Bu dövrdə rus-tatar qızlar məktəbi əhalinin rəğbətini qazanmışdı. Məktəbin müdiri Haşım bəy Nərimanbəyov, İrəvan gimnaziyasının müəllimlərindən İsmayıl bəy Şəfibəyov, İrəvan müəllimlər seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov, Mirzə Məmmədvəli Qəmərlinski ilə yanaşı, Axund Məhəmmədbağır Qazızadənin də təhsil sahəsindəki xidmətləri unudulmazdır.
Axund Məhəmmədbağır Qazızadənin evində yerləşən ikisinifli rus-tatar qızlar məktəbinin himayəçisi knyaginya Yelena Çaqodayeva (İrəvan quberniyasının vitse-qubernatoru knyaz Aleksey Çaqodayevin arvadı), müdiri Antonina Kalinina, müəllimi Pxakadze, şəriət müəllimi isə özü olmuşdur. Dövrünün qabaqcıl maarifçisi, elm və din xadimi idi. Şərq və Avropa mədəniyyətinə dərindən bələd olan alimin adı bütün Qafqazda hörmətlə çəkilərdi.
Molla Məhəmmədbağır Qazızadə ilə eyni dövrdə maarif və mədəniyyətin yayılmasında hər cür məşəqqətlərə sinə gərən Mirzə Qədim İrəvani, İsa Sultan, Əbülfət və Məhəmməd Şahtaxtinskilər, Fazil İrəvani, Firudin bəy Köçərli, Əliqulu xan İrəvanski, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Mirzə Məmmədvəli Qəmərlinski, Haşım bəy Vəzirov, Mirzə Ələkbər Mirzəzadə, Cabbar Əsgərzadə, Mir Məhəmməd Fətullayev, Abbas ağa Fərəcov kimi çoxsaylı işıqlı ziyalılar üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirirdilər. “Kafkazskiy kalendar”ın 1890-cı il buraxılışının 163-169-cu səhifələrində İrəvan quberniyasındakı orta təhsil ocaqlarına dair məlumatlarla yanaşı, quberniyada yeni açılan təhsil müəssisələrinin yaranması tarixi, orada çalışan fənn müəllimlərinin, məktəb müdirlərinin kimliyi və burada oxuyan şagirdlərin sayı barədə daha əhatəli məlumatlara yer ayrılmışdır.
Məlumatlarda 1881-ci ildə açılmış 216 yerlik İrəvan oğlan gimnaziyasında çalışan fənn müəllimlərindən tatar dili (Azərbaycan dili - E.M.) müəllimi və hazırlıq sinfində hüsnxət müəllimi işləyən, gimnaziyanın nəzdində fəaliyyət göstərən pansionda gecə tərbiyəçisinin köməkçisi Firudin bəy Əhməd bəy oğlu Köçərlinin fəaliyyətindən də bəhs olunur. 1881-ci ildə açılan və 69 şagirdi olan İrəvan müəllimlər seminariyasında axund Məhəmmədbağır Qazızadənin də tatar dili müəllimi işlədiyi göstərilir. Həmçinin 1884-cü ildə 91 şagirdlik İrəvan qız progimnaziyasında (4 və 6 sinifli natamam gimnaziya) xeyriyyə cəmiyyəti şurasının və pedaqoji şuranın yaradıldığı qeyd olunur. Gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov, gecə dayəsi Varvara Ağayeva, pedaqoji şuranın sədri kişi gimnaziyasının direktoru, üzvləri isə natamam gimnaziyanın rəisi və fənn müəllimləri olmuşlar. O da göstərilir ki, 8 yaşından 12 yaşınadək şagirdlər xeyriyyə vəsaiti hesabına, daha yaşlılar isə öz vəsaitləri hesabına məktəbə götürülürdü.
1864-1867-ci illərdə 1155 şagirdi əhatə edən məktəblərin ümumi sayı 65-ə çatdırıldığı bildirilir. Həmçinin 85-87-ci səhifələrdə Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində açılan Tatar (azərbaycanlılar nəzərdə tutulur - E.M.) Xalq Məktəbinin İrəvan şöbəsində Qənbərovun və axund Məhəmmədbağır Qazızadənin tatar (Azərbaycan) dili müəllimi işlədiyi göstərilir.
Molla Məhəmmədbağır Qazızadə 1883-cü ildə mədrəsədə bir çox dini elmləri tədris edirdi. O, burada təlim-tərbiyə işlərinin səmərəli təşkilinə böyük əmək sərf etmişdi. Həm də köhnə mollaxanalardan fərqli olaraq, bu mədrəsədə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan, fars, rus dilləri tədris edilir, tarix, coğrafiya, hesab kimi dünyəvi fənlərdən ilkin məlumat verilirdi.
O vaxtlar İrəvanda hakim dairələr və bəzi ruhanilər rus dilinə, habelə Rusiyadan ucqarlara gəlib çıxan hər cür qabaqcıl meyillərə qarşı çıxırdılar. Həmin ruhanilər avam xalqa rusca oxumağı şəriətin adı ilə qadağan edir, rus dilində kitab, qəzet, jurnal oxuyanlara “kafir” damğası vururdular.
Mütərəqqi ideyaların carçısı olan Molla Məhəmmədbağır Qazızadə bu mürtəce qüvvələrin əksinə olaraq rus dilinin tədrisini, rus və Avropa mədəniyyətinin qabaqcıl nailiyyətlərindən bəhrələnməyi günün ən vacib və zəruri məsələlərindən hesab edirdi.
Molla Məhəmmədbağır Qazızadənin məktəbə, elmə, tərbiyəyə, maarif və mədəniyyətə verdiyi əhəmiyyət, ana dili ilə yanaşı, rus dilinin tədrisinə tərəfdar olması kütləvi təhsilin inkişafında mühüm rol oynamış və bu sahədə müəyyən dönüş yaratmağa kömək etmişdir. Şeyxin təhsil haqqındakı fikirləri, əməli pedaqoji fəaliyyəti onu İrəvanın böyük xalq müəllimləri sırasına qədər yüksəltmişdir.
Molla Məhəmmədbağır Qazızadə bir təhsil xadimi kimi аnа dilində məktəblərin аçılmаsına, ana dilli dərs kitаblаrının yazılmasına, məktəblərin yeni pеdаqоji və mеtоdiki prinsiplər əsasında qurulmasına хüsusi əhəmiyyət vеrirdi. Ailə tərbiyəsinin də vacibliyini unutmayan Molla Məhəmmədbağır ata-anaları övladlarının gələcəkdə pis yollara düşməkdən çəkindirmək üçün tərbiyələri ilə ciddi məşğul olmağa çağırırdı. Üç oğlunun və bir qızının ilk müəllimi olan Şeyxin fikrincə, tərbiyənin amalı öz vətənini, хаlqını sеvən, mərd, mübаriz, хеyirхаh, insаnlığа хidmət еdən, еlmi biliklərlə silаhlаnmış, mənəviyyаtcа pаk, sаğlаm, gümrаh, zəki insаn yеtişdirməkdir.
Böyük pedaqoq, maarifpərvər, məktəbdar Molla Məhəmmədbağır Qazızadə qadın təhsilinə ciddi fikir vermiş, qadınların azad, təhsilli olmalarına qayğı göstərmiş, onları öz hüquqları uğrunda mübarizəyə səsləmişdir. İrəvanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı olan Molla Məhəmmədbağır qiymətli həyatını xalqın maariflənməsinə sərf etmişdir. O, ömrünün sonuna qədər maarif və mədəniyyət carçısı olmuş, xalqı elmə, təhsilə, tərəqqiyə çağırmışdır.
Xalqın maariflənməsi və mədəni tərəqqisində müəllimlərin əhəmiyyətini nəzərə alan Molla Məhəmmədbağır Qazızadə onların pedaqoji məharətini yüksəltməyi və yeni-yeni müəllimlər hazırlamağı ən vacib məsələlərdən hesab edirdi.
XIX əsrin sonu-XX əsrin əvvəlləri İrəvanda təhsilin vəziyyətinə nəzər saldıqda dövlətin diqqət və qayğısının məhdudluğuna, geniş xalq kütlələrinin təhsilə cəlb edilməsinə etinasız yanaşılmasına baxmayaraq, məktəb şəbəkəsinin müəyyən inkişaf səviyyəsinə çatdığına, o cümlədən Molla Məhəmmədbağır Qazızadənin məktəblərin açılmasında yaxından iştirak etdiyinə, dini təhsillə yanaşı, dünyəvi təhsil sisteminin də inkişafına böyük maraq və dəstək göstərdiyinə şahid oluruq. Bütün bunların sayəsində qeyd etdiyimiz dövrdə İrəvan ziyalılarının böyük bir nəsli yetişmişdir ki, həmin ziyalılar doğma xalqın mədəni inkişafının bütün ağırlığını şərəf və ləyaqətlə öz çiyinlərində daşımağı bacarıblar.
Şeyx Molla Məhəmmədbağır Qazızadə 1910-cu ildə vəfat edib.
Beləliklə, tarixən İrəvanda yaşayıb-yaradan yüzlərlə ziyalı nəslin tarixinin, şəcərəsinin və fəaliyyətinin araşdırılması bu gün daha vacib əhəmiyyət kəsb edir. Bu faktları müxtəlif arxivlərdən əldə etmək, yazıb tarixiləşdirmək bir çox səbəblərdən son dərəcə vacibdir. Birincisi, xalq öz tarixini, bu tarixdə iz qoyan nəsillərini və bu tarixdə rolu və xidməti olan şəxsiyyətlərini tanımalı, öyrənməli, yaşatmalıdır. İkincisi, Azərbaycan dünya tarixinə, elminə, mədəniyyətinə min illər boyu ən müxtəlif sahələrdə verdiyi töhfələrə, nəhayət sahib çıxmalıdır. Üçüncüsü, Azərbaycanın bütün tarixi torpaqları, o cümlədən İrəvan diyarı ilə bağlı hər şey incəliyinə qədər öyrənilməlidir ki, dünyanı başına götürən erməni yalanlarını, erməni saxtakarlıqlarını ifşa etmək mümkün olsun, dünya görsün ki, indiki Ermənistan əzəli Azərbaycan torpaqlarıdır və həmişə də burada Azərbaycan türkləri yaşamış, fəaliyyət göstərmiş və yazıb-yaratmışlar.