SİYASƏT
Dünya Azərbaycanlı Gənclər Birliyi Avropa Şurasında keçirilən Beynəlxalq Forumda təmsil olunur
Bakı, 9 oktyabr (AZƏRTAC). Oktyabrın 5-də Fransanın Strasburq şəhərində Avropa Şurasının “Demokratiya: Köhnə modellər və yeni reallıqlar” Beynəlxalq Forumu öz işinə başlamışdır.
Forumda bir sıra yüksək səviyyəli siyasətçilər, ictimai xadimlər, beynəlxalq əlaqələr üzrə ekspertlər, Nobel mükafatçıları və mətbuat nümayəndələri iştirak edirlər.
Birlikdən AZƏRTAC-a bildirmişlər ki, Forumda ölkəmizi Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü Fuad Məmmədov təmsil edir.
Demokratiya mövzusuna həsr olunmuş Beynəlxalq Forum çərçivəsində təşkil olunan Avropa Şurasının Gənclər Assambleyasının “Demokratiya və qloballaşma” tədbirdə Fuad Məmmədov Azərbaycan ilə bağlı təqdimatla çıxış etmişdir.
Təqdimatda qlobal təhlükəsizliyin əhəmiyyəti vurğulanmış, həll olunmayan münaqişələrin tezliklə həll olunmasının Avropa məkanında demokratiyanın daha da sürətlə inkişaf etməsinə təkan verəcəyi qeyd olunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Fuad Məmmədov beynəlxalq qətnamələrə baxmayaraq Azərbaycan torpaqlarının iyirmi faizinin hələ də işğal altında olmasının, bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşməsinin Qafqaz regionunda demokratiyanın sürətli inkişafına başlıca maneələrdən biri olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.
Avropa Şurası Gənclər Assambleyasının əsas müzakirə mövzuları gənclər və demokratiya, din, qloballaşma, yeni şəbəkələşmələr, yerli etnik azlıqların cəmiyyətə inteqrasiyası və təhsil məsələləri olmuşdur.
Forumda BMT-nin baş katibi Pan Gi Mun məruzə ilə çıxış etmişdir.
Forum işini oktyabrın 11-də yekunlaşdıracaqdır.