CƏMİYYƏT
Dünya Əhali Gününə həsr edilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
![Dünya Əhali Gününə həsr edilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb](/files/2014/2/1200x630/14087124666012742098_1200x630.jpg)
Bakı, 17 iyul (AZƏRTAC). BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi Dünya Əhali Gününü qeyd edib.
BMT-nin Azərbaycan Nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu il Dünya Əhali Gününün mövzusu gənclərin inkişafına edilən yatırımlara həsr olunub. Hazırda gənclər arasında sağlam həyat tərzinin təşviqi, təhsil və əmək fəaliyyəti imkanlarının təmin edilməsi, səhiyyə xidmətlərinin göstərilməsi və sosial müdafiə məsələlərinin həlli istiqamətində aparılan iş gələcək nəsillərin həyatını yaxşılaşdırmaq istiqamətində atılan ən mühüm addımlardandır. Bu münasibətlə Fond tərəfindən gənclər arasında “İnformasiya və xidmətlərdən yararlanmaq hüquqları” mövzusunda yazı müsabiqəsi keçirilib.
Müsabiqədə iştirak etmək üçün altı mövzu üzrə təqdim edilən yazılar əsasən qızların təhsili və erkən nikah, selektiv abortlar, gənclərin qərarvermə proseslərində iştirakı, məişət zorakılığı və s. aktual mövzulara həsr edilib. Qaliblərin seçimi müsabiqə məqsədilə yaradılmış komitə tərəfindən BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyində aparılıb.
Yazı müsabiqəsində “ADA” Universiteti, Bakı Dövlət, Orta Doğu Texniki (Türkiyə) universitetlərinin tələbələri Aytən Süleymanova, Leyla Abdullayeva və Araz Babazadə I, II, III yerləri tutublar.
Qaliblərə sertifikatlar təqdim edilib.