Dünyanın müxtəlif ölkələrindən olan məktəblilər Bakıda üçüncü beynəlxalq şagird konfransında toplaşıblar
Bakı, 4 may, P.İmanova, AZƏRTAC
Mayın 4-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda üçüncü beynəlxalq şagird konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilən konfransda Azərbaycanın 26 bölgəsindən 80, Türkiyə, Rusiya, Gürcüstan, Misir və İsraildən 21 məktəbli olmaqla, ümumilikdə 101 şagird qatılıb.
Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib.
Konfransın plenar iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda gənc nəslin inkişafındakı xidmətlərindən danışıb, Ulu Öndərin məktəblilərə qayğısından və sevgisindən söhbət açıb. Bildirilib ki, Ümummilli Liderin elm, təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
O.Səmədov dövlətimizin başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamını xatırladıb, ölkəmizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini söyləyib.
Bildirilib ki, ölkəmizdə bu cür tədbirlərin keçirilməsi elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Konfransın məqsədi respublikanın müxtəlif bölgələrindən və digər ölkələrdən olan şagirdləri bir araya gətirmək, onlar arasında ünsiyyət yaratmaq, xarici məktəbliləri doğma Vətənimizlə tanış etmək və sülhə, əmin-amanlığa xidmət göstərməkdir. Vurğulanıb ki, Bilik Fondu tərəfindən dörd ildə üç beynəlxalq şagird konfransı keçirilib.
Fondun fəaliyyəti barədə məlumat verən O.Səmədov bildirib ki, bu qurum tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarının məktəblərində görkəmli alim və ziyalıların iştirakı ilə mühazirələr təşkil olunub. Mühazirələrdə AMEA-nın alimləri və müxtəlif ali məktəblərin nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, hər il konfransın materiallarından ibarət toplu dərc olunur. Bütün iştirakçılara elektron formada təqdim edilən topluda məktəblilərin Azərbaycan dilində 70, rus dilində 17, ingilis və türk dillərində isə altı məqaləsi əksini tapıb. Konfransda ümumilikdə 101 şagirdin 99 məruzəsi dinləniləcək.
Akademik Möhsün Nağısoylu, Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin aparıcı məsləhətçisi Namiq Ağayev, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və digər çıxış edənlər konfransın şagirdlərin elm və təhsilə həvəslərinin artırılmasında, bilik və bacarıqlarının inkişaf etdirilməsində, dünyagörüşlərinin zənginləşməsində əhəmiyyətini diqqətə çatdırıb, onlara ölkəmizə, Azərbaycanın milli mənəvi dəyərlərinə sadiq olmağı tövsiyə ediblər.
Sonra Cocuq Mərcanlı kənd orta məktəbinin şagirdi Samirə Orucova və xarici ölkələrdən olan məktəblilər çıxış edərək bu cür konfransların onların həyatında mühüm rol oynadığını vurğulayıb, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Məktəblilər başqa ölkələrdə yaşamalarından, dillərinin müxtəlifliyindən asılı olmayaraq, dostluqlarının möhkəm və sarsılmaz qalacağına əminliklərini bildiriblər.
Daha sonra konfrans işini MEK-in konfrans zallarında “Heydər Əliyev və azərbaycançılıq”, “Azərbaycan dili və ədəbiyyatı”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Azərbaycan tarixi və coğrafiyası”, “Azərbaycanı tanıyaq” mövzularında bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında şagirdlərin Azərbaycan, türk, rus və ingilis dillərində məruzələri dinlənilib.
Bədii hissədə konfrans iştirakçıları Yasamal rayonu 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin hazırladığı kompozisiyanı izləyiblər. Tədbir çərçivəsində Azərbaycanın Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Türkiyənin Bandırma Yavuz Sultan Səlim Anadolu Liseyinin və Rusiyanın Mıtişi şəhər 31 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri arasında “Qardaşlaşma sazişi” imzalanıb.