MƏDƏNİYYƏT
Düşənbədə keçirilmiş “Şaşmakom” simpozium-festivalında Azərbaycan muğamı növbəti uğur qazanmışdır
Bakı, 18 may (AZƏRTAC). Mayın 10-dan 12-dək Düşənbədə ənənəvi “Şaşmakom” festival-simpoziumu keçirilmişdir.
Azərbaycan Respublikasının Tacikistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, festivalda Tacikistan, Azərbaycan, İran və Əfqanıstanın muğam ustaları iştirak etmişlər.
Düşənbədəki möhtəşəm Sadraddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında təşkil olunan festival-simpoziumun açılışında Tacikistan Prezidenti Emomali Raxmon iştirakçıları təbrik etmiş və onlara uğurlar diləmişdir.
Elmi simpoziumda Azərbaycan Milli Konservatoriyasının prorektoru Akif Quliyevin məruzəsi musiqişünaslar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Azərbaycanın gənc muğam ifaçıları Vüsalə Musayevanın və Hüseyn Məlikovun, həmçinin instrumental ifaçılar Rəşad İbrahimovun (tar), Təbriz Yusifovun (kamança) Sadraddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında və Tacikistan Milli Konservatoriyasının binasında təşkil olunan konsertlərdə çıxışlar böyük maraqla və alqışlarla qarşılanmışdır.
Ölkəmizin Düşənbədəki səfirliyinin təşəbbüsü və Tacikistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan musiqiçiləri mayın 15-də Xocənd şəhərində “Rudəki” sarayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş möhtəşəm Azərbaycan-Tacikistan dostluq konserti proqramı ilə çıxış etmişlər.
Konsert ötən ilin oktyabrında Azərbaycanın Gəncə və Tacikistanın Xocənd şəhərlərinin qardaşlaşmasına dair imzalanmış Memoranduma uyğun olaraq keçirilən ilk mədəni tədbir olmuşdur.
Azərbaycan Respublikasının Tacikistandakı səfiri Abbasəli Həsənov Xocənd şəhərində keçirilən tədbirdə çıxış edərək bildirmişdir ki, belə bir elmi-mədəni tədbirlərin həyata keçirilməsinin iki dost ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafında böyük rolu vardır.
Səfir qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev sovet dövründə Tacikistan üçün nəzərdə tutulan bir sıra layihələrin həyata keçirilməsinə imza atmışdır. Bununla yanaşı, Ümummilli Liderimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Tacikistan ilə münasibətlərin inkişafına xüsusi önəm vermişdir.
Diplomat bildirmişdir ki, musiqiçilərimizi bu ölkəyə gətirən Tacikistana və qardaş tacik xalqına, onun mədəniyyətinə, o cümlədən musiqisinə Azərbaycan xalqının dərin məhəbbətidir. Bu konsertdə insanların iştirakı, eyni zamanda, ulu öndər Heydər Əliyevin xatirəsinə göstərilən hörmət və rəğbətin göstəricisidir.
Azərbaycan səfiri bundan sonra da mədəni tədbirlərin davam etdiriləcəyini söyləmiş və bildirmişdir ki, bu ilin sentyabr-oktyabr aylarında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Xocənd şəhərində səhnəyə qoyulacaqdır.
A.Həsənov, həmçinin 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı bütün iştirakçıları təbrik etmiş, hər kəsə mehribanlıq, firavanlıq və səadət arzulamışdır.