SİYASƏT
DÜŞƏNBƏDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 87-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRİLMİŞDİR
Düşənbə, 11 may (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.
Tədbirdə Tacikistanın dövlət və hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Ölkəmizin Tacikistandakı səfiri Məhərrəm Əliyev dünya şöhrətli siyasətçi olan Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında mərasim iştirakçılarına geniş məlumat vermişdir.
Səfir demişdir: ”Müstəqil Azərbaycanın təhlükə qarşısında qaldığı bir dövrdə Heydər Əliyev xalqın tələbi ilə xilaskar kimi dövlətin rəhbərliyinə dəvət edildi. Olduqca çətin və məsuliyyətli bir dövrdə, o, Azərbaycan dövlətini və dövlətçiliyini xilas etdi və onu öz əlləri ilə qurdu. Ulu öndəri Azərbaycanın xilaskarı, qurucusu və memarı adlandıranlar əsla yanılmırlar. Məhz bundan sonra ölkə inkişaf etməyə başladı, bütün sahələrdə islahatlar həyata keçirildi. Heydər Əliyev Azərbaycanı bütün dünyada tanıtdı, “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu və ölkənin neft strategiyasını işləyib hazırladı. Bunun nəticəsi isə bu gün göz qabağındadır”.
Sonra mərasim iştirakçıları ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxmış, səfirlikdəki Heydər Əliyev guşəsi ilə tanış olmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə