MƏDƏNİYYƏT
Əbülfəs Qarayev: “İpək Yolu” festivalı Şəki şəhər sakinlərinin və xarici qonaqların yaddaşında xoş hadisə kimi qalacaqdır
Şəki, 4 iyul (AZƏRTAC). “İpək Yolu” festivalı Şəki şəhər sakinlərinin və xarici qonaqların yaddaşında xoş hadisə kimi qalacaqdır. İnanıram ki, dünyanın bir sıra ölkələrindən Azərbaycana gələn tanınmış musiqiçilər festivaldan xoş təəssüratla ayrılacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə davam edən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı barədə jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə irəli sürülən bu ideya artıq üçüncü dəfədir ki, gerçəkləşir. Festival artıq nazirliyin tədbirlər planında da özünəməxsus yer tutmuşdur. Ə.Qarayev demişdir: “Doğrudan da festival ölkənin mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Fərəhli haldır ki, festival iştirakçılarının sayı ildən-ilə artır, bu musiqi bayramında təmsil olunan ölkələrin coğrafiyası genişlənir. Ən əsası odur ki, festivala gələn tamaşaçıların marağı da artmaqdadır”.
Nazir demişdir: “Sevindirici haldır ki, iyulun 4-də qeyd olunacaq Şəki xanları sarayının 250 illik yubiley tədbiri festivalın bağlanış gününə təsadüf edir. Festivalın ən maraqlı konsertlərindən biri - Gürcüstanın məşhur “Erisioni” ansamblının konserti Şəkidə yenidən bərpa olunmuş “Aşağı Karvansaray” kompleksində təşkil edilmişdir. Mən 6 il əvvəl burada olanda bu böyük bina qəzalı vəziyyətdə idi. Dövlətimizin başçısı binanın bərpa edilməsi ilə bağlı xüsusi göstəriş vermişdir. Bu abidə bizim milli sərvətimizdir. Abidənin yenidən bərpa olunması həqiqətən də bizi çox sevindirir. Bundan sonra burada mədəni-kütləvi tədbirlərin, konsertlərin keçirilməsi mümkün olacaqdır”.
Nazir karvansarayda aparılan bərpa işlərinin hələ davam edəcəyini, burada müasir hotelin yerləşdirilməsi üçün müvafiq iş aparılacağını diqqətə çatdırmışdır.