SİYASƏT
Əbuzər İbrahim Türkmən: Mədəniyyətlərarası dialoq sülhə nail olmaq və zorakılığın qarşısını almaq üçün ən yaxşı yoldur
![Əbuzər İbrahim Türkmən: Mədəniyyətlərarası dialoq sülhə nail olmaq və zorakılığın qarşısını almaq üçün ən yaxşı yoldur](/files/2019/2/1200x630/1556960585688461737_1200x630.jpg)
Tehran, 4 may, AZƏRTAC
Mədəniyyətlərarası dialoq sülhə nail olmaq və zorakılığın qarşısını almaq üçün ən yaxşı yoldur.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən deyib.
Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Ə.İ.Türkmən Forumun işini yüksək qiymətləndirib. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbirdə dünyanın tanınmış ictimai, siyasi, mədəniyyət xadimləri iştirak edirlər. Müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələrinin bir araya gələrək qlobal problemləri müzakirə etmələri təqdirəlayiqdir.
İran ilə Azərbaycanın mədəniyyət sahəsində əlaqələrinə toxunan Ə.İ.Türkmən Bakıda ikitərəfli görüşlər keçirdiyini və bu görüşlərdə qarşılıqlı əlaqələrin müzakirə olunduğunu deyib. Bildirib ki, müzakirələrdə qarşılıqlı olaraq kino həftələrinin, mədəniyyət günlərinin keçirilməsi barədə razılıq əldə edilib.
Ə.İ.Türkmən İran və Azərbaycan xalqlarının tarixən yaxınlığını xatırladaraq, hər iki xalqın müştərək tarixə, mədəniyyətə, adət-ənənəyə, dinə malik olduğunu vurğulayıb. O bildirib ki, bu amillər dövlətlərin daha sıx və səmərəli əməkdaşlığı üçün böyük zəmin yaradır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran