CƏMİYYƏT
Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə müxtəlif cinayət əməlləri törətmiş dəstə üzvləri həbs ediliblər VİDEO
Bakı, 4 may, AZƏRTAC
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib müxtəlif cinayət əməlləri törətmiş dəstə üzvləri həbs ediliblər.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaqı tamamlanmış və təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı Vüsal Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Vüsal Əliyev işlədiyi dövrdə yol verdiyi qanun pozuntularının aşkar olunmasının və anasına saxta sənədlər əsasında təqaüd təyin etdirməsi faktının üzə çıxmasında səbəbkar kimi işlədiyi nazirliyin adı təhlükəsizlik səbəbindən açıqlanmayan məsul əməkdaşını günahkar bildiyindən onu döydürüb cəzalandırmaq qərarına gəlib. O, bu yolla həmin şəxsi məhkəmədə ifadəsindən imtinaya məcbur etməyə nail olmaq istəyib.
Vüsal Əliyev cari il martın 19-da barəsində keçiriləcək məhkəmə prosesində həmin əməkdaşın şahid qismində iştirakının qarşısının alınması üçün keçmiş iş yoldaşının döyülməsini təcridxanada onunla eyni kamerada qalan Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təqsirləndirilən Mirafiq Bəşirova pul müqabilində sifariş edib. Mirafiq Bəşirov isə öz növbəsində azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının qarşının alınmasının vacib olduğunu diqqətə çatdırıb. Nurlan Bəşirov isə tanışları Zaur Cəlilli, Bəhruz Əhmədov, Sərxan Çobanov, İsamuddin Babayev və Fariz Daşdəmirov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sifarişi yerinə yetirmək üçün əvvəlcədən plan hazırlayıblar.
Belə ki, həmin şəxsə məxsus zəruri məlumatlar cinayətkar qrupun üzvü Bəhruz Əhmədov vasitəsilə əldə edildikdən sonra Sərxan Çobanov və İsamuddin Babayev martın 19-da zərərçəkənin yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobili saxlatdırıb ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hadisədən sonra Nurlan Bəşirov, Zaur Cəlilli, Fariz Daşdəmirov, Sərxan Çobanov və İsamuddin Babayev görüşüb vəd edilmiş pulu aralarında bölüblər.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxslər saxlanılıblar. Onlardan dördünün üstündən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Araşdırma zamanı, həmçinin müəyyən olunub ki, Vüsal Əliyev bu hadisədən bir qədər sonra kamera yoldaşı Mirafiq Bəşirova bu dəfə keçmiş iş yoldaşının bıçaqlanması cinayətini sifariş edib. Bu sifariş əsasında Mirafiq Bəşirov tanışı Namiq Alagözov vasitəsilə cari il aprelin 22-də həmin şəxsə yaşadığı evin qarajında bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsini təşkil edib. Namiq Alagözov da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Faktlarla bağlı Zaur Cəlilli, Bəhruz Əhmədov, Nurlan Bəşirov, Fariz Daşdəmirov, Sərxan Çobanov, İsamuddin Babayev və Namiq Alagözov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdə olan Vüsal Əliyevə və Mirafiq Bəşirova da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub. Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.