CƏMİYYƏT
Ədliyyə Akademiyasında qaçqın və məcburi köçkünlərin vəziyyəti müzakirə olunmuşdur
Bakı, 10 dekabr (AZƏRTAC). Ədliyyə Nazirliyinin Akademiyasında Azərbaycan Hüquqşünasları Konfederasiyasının təşkilatçılığı ilə qaçqın və məcburi köçkünlərin problemlərinə dair tədbir keçirilmişdir.
Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı daimi nümayəndəsi Daq Siqurdson iştirak etmişdir.
Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru İlham Abbasov qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, beynəlxalq təcrübə və beynəlxalq təşkilatlar, xüsusən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq barədə ətraflı məlumat vermişdir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı daimi nümayəndəsi Daq Siqurdson nümayəndəlik tərəfindən son illərdə görülmüş işlərdən danışmış, sualları cavablandırmışdır.
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov tədbirdə çıxış etmişdir.