CƏMİYYƏT
Əfsanəvi boksçu Frank Bruno “Many Happy Returns” kampaniyasını dəstəklədiyini bildirib
Bakı, 16 iyul (AZƏRTAC). Son 30 ildə Böyük Britaniyanın ən uğurlu idmançılarından biri kimi tarixə düşən əfsanəvi boksçu Frank Bruno bu yaxınlarda Londondakı “York Hall” arenasında xeyriyyə məqsədilə keçirilmiş boks yarışının fəxri qonaqlarından biri olub. Bu xeyriyyə matçında Azərbaycanın idman şərəfini qoruyan “Qəbələ” idman klubunun boksçuları ev sahibi “Repton” klubuna qarşı mübarizə aparıblar. Yoldaşlıq görüşünü keçirməkdə məqsəd “Mo Farah” Fonduna 10 min funt məbləğində vəsait toplanması ilə yanaşı, “Many Happy Returns” kampaniyasının dəstəklənməsi üçün təbliğatın aparılması olub. Bu kampaniyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həyatı haqqında həqiqətləri çatdırmaqdır.
F.Bruno deyib: “Mən “Many Happy Returns” kampaniyasını öz qəlbimə yaxın hiss edirəm. Azərbaycanlı məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar”.
“Many Happy Returns” kampaniyasının adı ingilissayağı təbrik mesajının əsasında seçilib. Bu, eyni zamanda, öz yurd-yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır.
Xatırladaq ki, F.Bruno 1985-ci ildə EBU versiyası üzrə Avropa çempionu, 1995-1996-cı illərdə isə WBC versiyası üzrə dünya çempionu olub. Təqaüdə çıxdıqdan bəri o, bir çox xeyriyyə tədbirlərində fəal iştirak edib və “Şanon Bredşou” Xeyriyyə Fondunun hamisi kimi fəaliyyət göstərib.