İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC-də beynəlxalq standartlar üzrə üçüncü tərəf auditinin nəticələri qənaətbəxş olmuşdur
Bakı, 11 aprel (AZƏRTAC). Türk Standartları İnstitutunun (TSE)
auditorları “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 standartlarının tələblərinə əməl olunması, eləcə də yeni standartlara hazırlığın və uyğunluğun vəziyyətinin yoxlanması üzrə üçüncü tərəfin auditini keçirmişlər.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, aprelin 10-da auditin nəticələri barədə kollektivin nümayəndələrinə məlumat verilmişdir. Toplantıda baş auditor Xatirə Salahova, auditorlar Əhməd Kamal Qızıltan, Hüseyn Gül və Namiq Həsənov auditin nəticələrinin qənaətbəxş olduğunu və QSC-də hər üç standartın tələblərinə nümunəvi qaydada əməl edildiyini diqqətə çatdırmışlar.
Türk Standartları İnstitutunun Azərbaycanda təmsilçisi Həsən Dəmirtaş ölkədə beynəlxalq standartların tələblərinə əməl olunması sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC kimi nümunəvi şirkətlərin olmasından qürur hissi keçirdiyini vurğulamışdır. O, bu sahədə TSE-nin QSC-ni hər zaman dəstəkləməyə hazır olduğunu bildirmişdir.
QSC-nin əməkdaşları TSE-nin nümayəndələrinə təşəkkürlərini bildirmiş və bundan sonra da fəaliyyətlərini beynəlxalq standartlar səviyyəsində quracaqlarını xüsusi qeyd etmişlər.