DÜNYA
Ekspertlər belə hesab edirlər ki, 10 ildən sonra Britaniyada islam üstünlük təşkil edəcəkdir
Bakı, 18 may (AZƏRTAC). Son məlumata görə, Böyük Britaniyanın 25 yaşlı hər on vətəndaşından biri müsəlmandır.
Müsəlmanların sayının kəskin şəkildə artması prosesinin ölkənin xristian əhalisinin qocalması prosesi ilə paralel getdiyi müşahidə olunur. Bu, artıq 10 ildən sonra islamın Böyük Britaniyanın hakim dinləri sırasında olmasına gətirib çıxara bilər.
2011-ci ildəki siyahıyaalmanın Milli Statistika İdarəsi (ONS) tərəfindən aparılmış yeni təhlili göstərmişdir ki, xristianların sayı hesab edildiyindən 50 faiz sürətlə aşağı düşür.
Bundan əvvəl belə hesab edirdilər ki, azalma yalnız 15 faizdir, lakin ONS müəyyən etmişdir ki, bu göstərici xaricdə doğulmuş 1,2 milyon xristian miqrant hesabına əldə edilmişdir.
Təkrar təhlil göstərmişdir ki, xristianların əksəriyyəti yaşı 60-dan yuxarı olan şəxslərdir. İlk dəfə olaraq gənclərin yarısından az hissəsi özünü xristian adlandırmışdır.
2011-ci ilin siyahıyaalması göstərmişdir ki, son 10 ildə təqribən 600 min miqrant müsəlmanın ölkəyə gəlməsi nəticəsində Böyük Britaniyada müsəlmanlar 5 faiz təşkil edir.
Ateist olduğunu bildirən insanlar 25 faizdir ki, bu da son siyahıyaalmadan sonra ateistlərin sayının artdığını göstərir. Bununla belə İngiltərə kilsəsi öz mövqelərini hələ də qoruyub saxlamaqdadır.
Ekspertlər isə belə hesab edirlər ki, 10 ildən sonra Britaniyada islam üstünlük təşkil edəcəkdir.