İQTİSADİYYAT
Əlillərin sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbir keçirilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin iştirakı ilə “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna yeni redaktədə baxaraq müvafiq layihə sənədi hazırlamışdır.
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 19-da nazirlikdə vətəndaş cəmiyyətləri ilə birlikdə həmin qanun layihəsinin müzakirəsinə dair “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə layihə sənədində əlilliyi olan şəxslərin tibbi-sosial və peşə reabilitasiyası, onların təhsili və peşə hazırlığı, əmək hüquqlarının qorunması, sosial infrastrukturdan istifadə və s. istiqamətlər üzrə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Diqqətə çatdırılmışdır ki, hazırlanan layihə sənədi yaxın zamanda Milli Məclisə təqdim olunacaqdır.