ELM VƏ TƏHSİL
Elmi seminar: Müasir geosiyasi dəyişikliklər fonunda maliyyə səmərəliliyinin yüksəldilməsi
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Müasir geosiyasi dəyişikliklər fonunda maliyyə səmərəliliyinin yüksəldilməsi və mühasibat uçotunun təşkili problemləri” mövzusunda elmi seminar keçirilib.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Maliyyə və maliyyə institutları kafedrasının müdiri professor Əvəz Ələkbərov çıxış edərək ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, yüksək insani keyfiyyətləri, dövləti idarəetmə bacarığı ilə bağlı xatirələrini bölüşüb.
Elmi seminarda tələbələr “Qarabağda xarici və yerli investisiya”, “Geosiyasi dəyişikliklər fonunda maliyyə bazarlarının inkişafı”, “Kommersiya təşkilatının maliyyə-təsərrüfat fəaliyyətinin risklərinin idarəetmə uçotunun informasiya-analitik təminatı”, “İnflyasiya və ona qarşı görülməli olan tədbirlər”, “Maliyyə bazarlarında risklərin idarə edilməsi”, “İşğaldan azad edilmiş ərazilərdə maliyyə səmərəliliyinin yüksəldilməsi istiqamətləri”, “Ölkəmizdə turizm iqtisadiyyatının inkişafının maliyyə problemləri və təkmilləşdirilməsi istiqamətləri” və “Heydər Əliyev antiinflyasiya tədbirlərinin banisidir” mövzuları üzrə çıxış ediblər.