MƏDƏNİYYƏT
Elvin Qəniyev: Qəbələ festivalında dünya şöhrətli sənətkarlarla eyni səhnəni bölüşdüyümə görə xoşbəxtəm
Qəbələ, 8 avqust (AZƏRTAC). V Qəbələ Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli sənətkarlarla eyni səhnəni bölüşdüyümə görə xoşbəxtəm.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə müvəffəqiyyətlə başa çatmış növbəti Beynəlxalq Musiqi Festivalının iştirakçısı, bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin qalibi, gənc skripkaçı Elvin Qəniyev AZƏRTAC-a müsahibəsində demişdir.
Musiqimizin xarici ölkələrdə yüksək səviyyədə təbliğ edilməsindən danışan Elvin Qəniyev gənc ifaçıların belə yüksək tədbirlərdə iştirakına yaradılan şəraitə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Səhnədə ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski ilə çıxış etdiyinə görə özünü xoşbəxt sandığını deyən Elvin Qəniyev məşhur bəstəkar Pablo Sarasatenin “Qaraçı nəğmələri”ni tamaşaçılara təqdim etdiyini diqqətə çatdırmışdır. Gənc skripkaçı demişdir: “Səhnəyə çıxdığım andan tamaşaçı alqışları ilə əhatə olundum. Bu, musiqiçi üçün vacib bir hissdir. Belə tanınmış sənətkarla eyni səhnədə yer aldığım üçün çox həyəcanlandım. Çox arzu edirəm ki, növbəti illərdə də bu festivala dəvət alım”.