İQTİSADİYYAT
ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU YARADILACAQDIR
Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədr müavini Əli Əlirzayev müxbirimizə demişdir ki, əmanətlərin sığorta sistemini yaratmaq, banklarda və xarici bankların yerli filiallarında, xüsusilə xırda əmanəti olan fiziki şəxslərin yerləşdirdikləri əmanətlərin mümkün itkisinin qarşısını almaq, dövlətin maliyyə sisteminin təhlükəsizliyini və bank bölməsinin inkişafını təmin etmək məqsədi ilə Əmanətlərin Sığortalanması Fondu yaradılacaqdır.
Qeyri-kommersiya təşkilatı və hüquqi şəxs olacaq Fond öz fəaliyyətində “Banklar haqqında” Qanuna və digər qanunlara əsaslanacaqdır.
Fondun pul ehtiyatları yeni açılan banklar üçün müəyyən edilmiş minimum nizamnamə kapitalının 0,2 faizi miqdarında iştirak haqlarından, iştirakçı bankların təqvim haqlarından, cari xərclər çıxılmaqla Fondun vəsaitinin idarə olunması nəticəsində əldə edilmiş gəlirlərdən, bankların verdikləri əlavə və fövqəladə haqlardan, müvafiq ianə və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına formalaşacaqdır.
Fond 5 nəfərdən ibarət Himayəçilik Şurası tərəfindən idarə olunacaqdır.