ƏMMAN İLƏ BAKI ARASINDA BİRBAŞA HAVA XƏTTİ AÇILACAQ
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bidirmişlər ki, İordaniya milli aviaşirkəti “Royal Falcon” mayın 1-dən etibarən Əmman- Bakı marşurutu üzrə birbaşa müntəzəm uçuşlara başlayacaqdır.
Bu münasibətlə aprelin 21-də Azərbaycanın İordaniyadakı səfirliyində “Royal Falcon” şirkətinin prezidenti Ziad Hanandeh və səfir Elman Araslı mətbuat konfransı keçirmişlər.
Səfir E.Araslı Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın hazırki səviyyəsindən danışmış, ölkələrimizin əlaqələrinin inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullanın rolunu xüsusi qeyd etmişdir. Diplomat bildirmişdir ki, dövlətlərimizin başçıları arasında razılaşma nəticəsində açılacaq Əmman-Bakı reysi İordaniya və Azərbaycan arasında bu günədək mövcud olan əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə təkan verəcəkdir. Hava xəttinin Azərbaycan xalqı üçün əlamətdar bir dövrdə - ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində açılması da böyük əhəmiyyətə malikdir.
“Royal Falcon” şirkətinin prezidenti Ziad Hanandeh ölkələrimiz arasında əməkdaşlığın böyük potensialı və perspektivləri olduğunu qeyd etmiş və birbaşa hava xəttinin bu potensialdan istifadə edilməsi üçün yaxşı imkanlar yaradacağını söyləmişdir. O, reysin İordaniya ilə Azərbaycan arasında qarşılıqlı investisiya qoyuluşlarının, ticarət dövriyyəsinin, sərnişin və yük daşımalarının, turist mübadiləsinin artmasına əlavə stimul yaratdığını bildirmişdir.
Ziad Hanandeh əlavə etmişdir ki, uçuş müddəti 3 saat davam edəcəkdir. Uçuşlar həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı olmaqla, “Royal Falcon” şirkətinə məxsus “Boeing-767” tipli təyyarələrlə həyata keçiriləcəkdir. “Royal Falcon” şirkəti perspektivdə Heydər Əliyev adına Beynəlxalq hava limanından regionun digər dövlətlərinə uçuşlar üçün tranzit kimi istifadə etməyi nəzərdə tutur.