SİYASƏT
Erməni icmasının Argentinada Xocalı soyqırımı ilə bağlı anım tədbirinin keçirilməsinə mane olmaq cəhdləri uğursuzluğa düçar olmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycanın Argentinadakı səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri” mövzusunda seminar keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Argentinanın dövlət qurumlarının, diplomatik korpusun, akademik dairələrin, müxtəlif dini və milli icma təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində Xocalı hadisələri barədə məlumat verilmiş və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra La Plata Universitetinin azərbaycanşünaslıq kafedrası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri - Rosario Universitetindən Alexandro Cardenas və Kordoba Universitetindən Clara Trillini müvafiq olaraq “Dağlıq Qarabağ məsələsi” və “Ermənistan-Azərbaycan münaqişəsi və BMT” mövzularında hazırladıqları yazılar əsasında çıxış etmişlər. Onlar Azərbaycana səfərləri zamanı bu ölkənin dinamik inkişafının, çoxmədəniyyətliliyinin, gənclərə və təhsilin inkişafına verilən önəmin şahidi olduqlarını bildirmiş, Dağlıq Qarabağın erməni icmasının bu məqamları nəzərə almalarının vacibliyini vurğulamışlar.
Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi, professor Paulo Botta Cənubi Qafqazdakı geosiyasi vəziyyətdən, Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən strateji əhəmiyyətli enerji, infrastruktur və nəqliyyat layihələrindən, Azərbaycan ərazilərini işğal etməsi səbəbindən Ermənistanın bu layihələrdən kənarda qalmasından danışmışdır. Güc tətbiq etməklə bir dövlət tərəfindən digər dövlətin ərazilərinin işğalının yolverilməz olduğunu vurğulayan P.Botta Ermənistanın inkişafı üçün ən optimal yolun Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına qoşulması olduğunu qeyd etmişdir. Bunun üçün isə əvvəlcə Ermənistanın öz hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarmasının vacibliyi diqqətə çatdırılmışdır.
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlər, rəsmi Bakının münaqişənin nizamlanmasına dair mövqeyi barədə danışmışdır. Azərbaycanın regionun inkişafına verdiyi töhfələr və ölkəmizin təşəbbüskarı olduğu strateji layihələr barədə məlumat verən M.Əhmədzadə müxtəlif iqtisadi-sosial göstəricilərin qarşılıqlı müqayisəsini verməklə qısa müddət ərzində Azərbaycan ilə Ermənistan arasında ölkəmizin xeyrinə formalaşmış böyük fərqi diqqətə çatdırmışdır. Səfir bu fərqin getdikcə daha da dərinləşəcəyini bildirərək, münaqişənin tezliklə nizamlanmasının Ermənistana və ümumilikdə regiona gətirəcəyi faydalardan bəhs etmişdir.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi hazırlanmış materiallar paylanmışdır.
Tədbir başlamamışdan əvvəl Argentinadakı erməni icmasının nümayəndələri səfirliyin qarşısına toplaşaraq tədbirə gələn şəxslərin binaya girişinə mane olmağa çalışmış, iştirakçıların ünvanına təhqiramiz ifadələr səsləndirmiş, habelə səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstərmişlər. Hüquq mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınmışdır. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri fevralın 26-da Azərbaycan səfirliyinin qarşısında növbəti aksiya keçirəcəklərini bəyan edərək səfirliyin qarşısından uzaqlaşmışlar.