DÜNYA
Ermənistan parlamentində növbəti qalmaqal yaşanmışdır
Bakı, 31 mart (AZƏRTAC). Ermənistan parlamentində növbəti qalmaqal olmuşdur. Budəfəki qarşıdurmaya səbəb küçə ticarətinə qadağa qoyulmasına dair dinləmələrin keçirilməsi olmuşdur.
AZƏRTAC news.am saytına istinadla xəbər verir ki, Ermənistan parlamentinin bir qrup küçə ticarətçisinin də iştirakı ilə martın 31-də keçirilmiş iclasında küçə ticarətinə qadağa qoyulmasına və xırda bazarların bağlanmasına dair dinləmələrdə məmurların çıxışı ciddi narazılığa səbəb olmuşdur.
Yerevan merinin müavini Kamo Areyandan sonra iqtisadiyyat nazirinin müavini Ovanes Markaryanın çıxış etməsi etirazlara səbəb olmuşdur. Küçə ticarətçiləri “biz parlament zalına nağıl dinləmək üçün gəlməmişik” deyərək tribuna tələb etmişlər. Onlar əsasən “biz acından ölürük”, “hökumət bizə nağıl danışır”, “bu, ağ soyqırımıdır” şüarları səslədirmişlər. Bəziləri isə hətta “bizi hansısa başqa ölkəyə göndərin, bəlkə orada ləyaqətlə yaşaya bildik” - deyə, tələblə çıxış etmişlər. Narazı kütləni sakitləşdirmək üçün parlamentin rəhbərliyi fasilə elan etmişdir. Fasilə bitdikdən sonra isə parlamentdə əsl qalmaqal yaranmış, “kiçik çevriliş” baş vermişdir. Kürsüyə tərəf hərəkət edən ticarətçilər tribunanı ələ keçirmiş, deputatların və məmurların mikrofonlarını sındırmışlar. Onları sakitləşdirmək üçün parlamentin binasına polis çağırılmışdır.
Qeyd edək ki, narazı kütlənin içərisində hakim partiyanın nümayəndələri də olmuşdur.
Daxildə qarşıdurmanın yaşandığı vaxt parlamentdən kənarda, şəhərdə də etiraz aksiyası keçirilmişdir.