ERMƏNİSTANI İFŞA EDƏN VƏ AVROPA ŞURASINI QƏTİYYƏTLİ OLMAĞA ÇAĞIRAN YENİ SƏNƏD
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın bu təşkilatın sıralarında qalmağa layiq olmadığını sübut edən yeni sənəd hazırlamışdır.
Nazirlər Komitəsinə ünvanlanan bu yazılı sualda Ermənistanın 2001-ci ilin yanvarından - Avropa Şurasına üzv olduğu vaxtdan başlayaraq mütəmadi surətdə bu mötəbər qurumun Nizamnamə tələblərini pozduğu qeyd olunur, həmin dövlətin işğalçı mahiyyətini ifşa edən bir sıra fakt və sübutlar gətirilir.
Sessiyanın başlanğıcında Ermənistanda demokratiyanın vəziyyəti ilə bağlı narahatlığa görə Avropa Şurasının təcili müzakirə qaydasında bu mövzunu gündəliyə salması kontekstində deputatımızın hazırladığı sənədin kəsəri və aktuallığı bir qədər də artmış olur.
R.Hüseynovun hazırladığı sənəd “Təcavüzkar və antidemokratik Ermənistanla bağlı Avropa Şurasının güzəştli ikili standartlarla yanaşma siyasətinə son qoyulmasının zəruriliyi” adlanır.
Sənəddə deyilir: “Gələn il 60 yaşı tamam olacaq Avropa Şurasının bu müddət ərzində dünyanın ən mötəbər siyasi qurumlarından birinə çevrilməsinin, tərkibindəki ölkələrin sayının 4 dəfə artmasının əsas səbəbi ötən müddət ərzində bu təşkilatın qanunun aliliyinə və insan haqlarına hörmət istiqamətində apardığı sistemli mübarizə, gördüyü böyük işlərdir.
Lakin təəssüflər olsun ki, bütün üzv dövlətləri haqlı olaraq qanunlara, o sıradan Avropa Şurasının Nizamnamə tələblərinə əməl etməyə çağıran qurum özü öz Nizamnamə tələblərinin bəzilərinin yerinə yetirilməsinə biganəlik göstərməkdədir. Bu hal 2001-ci ildən başlayaraq indiyədək davam etməkdə və getdikcə daha arzuolunmaz bir səviyyəyə çatmaqdadır.
Bu, həm daxili, həm də xarici siyasətində Avropa Şurasının prinsipləri ilə daban-dabana zidd olan xətt tutmuş Ermənistan dövlətinə göstərilən anlaşılmaz yumşaq münasibət, bu ölkəni bir növ ərköyün üzv statusu ilə təmin etmək meyilləri ilə bağlıdır.
Ermənistan Avropa Şurasının üzvü olan 47 dövlət arasında yeganə ölkədir ki, son 16 il ərzində digər üzv dövlətə - Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti aparır.
Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilərək beynəlxalq nəzarətdən kənar olan kriminal zonaya çevrilməsinin, bu dövlətin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasının yolverilməzliyi Avropa Şurasının bir sıra sənədlərində, o cümlədən 1416 nömrəli qətnamədə əksini tapmışdır.
Ermənistanın dövlət səviyyəsində dünya terror şəbəkəsi ilə bağlılığı, terrorizmi və beynəlxalq aləmdə tanınan ayrı-ayrı terrorçuları dəstəkləməsi, işğal altında saxladığı Dağlıq Qarabağda və qəsb edilmiş digər Azərbaycan rayonlarının ərazilərində terrorçuların təlim düşərgələrini yerləşdirməsi, terrorçuların gizlənməsi üçün münasib şərait yaratması danılmaz faktlardır və bunlar da Avropa Şurasının müxtəlif sənədlərində təsbit edilmişdir.
Ermənistanın xarici dövlət və siyasi qüvvələrdən asılılığı, yalnız rəmzi olaraq müstəqil dövlət adlandırıla biləcəyi də aşkardır.
Ölkə daxilində də antidemokratik rejim yaradan Ermənistan dövləti söz və mətbuat azadlığına, insan haqlarına kobud formada və kütləvi şəkildə sayğısızlıq göstərməsi ilə də Avropa Şurası ailəsində istisna dövlətdir. Son qanlı prezident seçkiləri də bütün bunların Ermənistan gerçəkliyindəki daha bir təsdiqinə çevrildi. Bu və bu qəbildən olan kifayət qədər inkaredilməz dəlillərə baxmayaraq, Avropa Şurasının Ermənistana neçə illərdən bəri davam edən dözümlü münasibəti, ikili standartlarla yanaşma mövqeyi heyrət doğurmaqdadır. Avropa Şurasına üzv olan digər dövlətlərdə Ermənistanda baş verənlərin və bu işğalçı ölkənin törətdiklərinin hətta bir qismi belə olsaydı, onlar ciddi cəzaya məruz qalar, ən kəskin qınağa hədəf olardılar. Ermənistan isə nəyə görəsə toxunulmazlığa layiq görülmüşdür”.
Bütün göstərilənləri nəzərə alaraq Rafael Hüseynov Nazirlər Komitəsindən sual edir: “Avropa Şurasının Nazirlər Komitəsi heç olmasa təşkilatın 60 illiyi kimi məsul bir ərəfədə nəhayət, öz nizamnamə tələblərinə əməl edərək həmin nizamnamənin icrası bütün üzv dövlətlər üçün zəruri olan müddəalarını ardıcıl və nümayişkaranə şəkildə pozan təcavüzkar və antidemokratik Ermənistanı cəzalandırmaq və sıralarından xaric etmək üçün konkret tədbirlər görəcəkmi?”
Avropa Şurası Parlament Assambleyasının Katibliyi tərəfindən nəşr edilərək yayılan sənədin yaxın vaxtlarda Nazirlər Komitəsində ayrıca müzakirəsi gözlənilir.