CƏMİYYƏT
Əsas insan hüquq və azadlıqların qorunmasında prokurorluq və mediasiya orqanlarının rolu müzakirə edilib
![](/files/galleryphoto/2023/2/1200x630/16903776564087937926_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16903776561612318221_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16903776565685663311_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16903776565496022363_1200x630.jpg)
Bakı, 26 iyul, AZƏRTAC
Baş Prokurorluq və Mediasiya Şurası arasında əməkdaşlığa dair təsdiqlənmiş fəaliyyət planı üzrə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlər qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması, kommunikasiyanın həyata keçirilməsi, mediatorların peşə hazırlığının artırılması məsələlərini əhatə edir.
Nəzərdə tutulmuş silsilə tədbirlərin birincisi iyulun 26-da Baş Prokurorluqda maarifləndirici konfrans formatında təşkil olunub.
“Əsas insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq və mediasiya orqanlarının rolu” mövzusunda keçirilən konfransda Baş Prokurorluğun idarə rəisləri Elnur Musayev və Mübariz Əhmədov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, prokurorluq əməkdaşları, mediatorlar, eləcə də media nümayəndələri iştirak ediblər.
Elnur Musayev və Nadir Adilov konfrans iştirakçılarına prokurorluqla və Mediasiya Şurası arasında əməkdaşlıq barədə məlumat verib. Mübariz Əhmədov isə mediatorların peşə hazırlığının artırılması məqsədilə nəzərdə tutulan tədbirlər haqqında danışıb.
Konfransda iştirak edən 100-ə yaxın mediatorlarla əsas insan hüquq və azadlıqlarının qorunmasında mediatorların fəaliyyəti, cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması qaydası və Baş Prokurorluqla əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.