CƏMİYYƏT
ƏTRAF MÜHİT MƏSƏLƏLƏRİ NAZİRLƏRİ ANTARKTİDAYA GEDƏCƏKLƏR
Bakı, 20 fevral (AZƏRTAC). Dünyanın on iki ölkəsinin ətraf mühit məsələləri nazirləri fevralın 20-23-də ilk dəfə Antarktidaya tanışlıq səfəri edəcəklər.
Xarici KİV-lər məlumat verir ki, səfərin təşkilatçısı Norveç Qütb İnstitutudur.
Nümayəndə heyətinə Əlcəzair, Braziliya, ABŞ, Çin, Hindistan, Böyük Britaniya, Kanada, Şimali Avropa ölkələrinin nazirləri, həmçinin 2007-ci ilin Nobel mükafatı laureatı, iqlim dəyişiklikləri üzrə hökumətlərarası ekspertlər qrupunun sədri Racendra K.Paçauri daxildir.
Səfər BMT-nin iqlim dəyişiklərinə dair 2009-cu il dekabrın əvvəlində Kopenhagendə keçiriləcək konfrasına hazırlıq çərçivəsində təşkil olunacaqdır.
Nazirlər və nümayəndə heyətinin digər üzvləri Norveçin Troll elmi tətqiqat stansiyasında olacaq, orada iqlim dəyişiklikləri ilə bağlı məsələləri müzakirə edəcək, habelə Antarktidada iqlim dəyişikliklərini təhlil edən Norveç-Amerika ekspedisiyasının tətqiqatçıları ilə görüşəcəklər.