İQTİSADİYYAT
Eynulla Mədətli: Azərbaycanla Ukrayna arasında energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycanla Ukrayna arasında energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna KİV-lərinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli səsləndirmişdir.
Diplomat bildirmişdir ki, hazırda yüksək səviyyədə intensiv danışıqlar aparılır, Azərbaycanın enerji kompleksi məhsullarının Ukraynaya daşınması ilə bağlı əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün siyasi iradə vardır. Məsələn, Ukraynanın çox perspektivli TANAP (Transanadolu qaz kəməri) qaz kəməri layihəsində iştirakı imkanları fəal şəkildə müzakirə edilir.
E.Mədətlinin sözlərinə görə, Transanadolu çox mütərəqqi qaz kəməridir və istər Ukrayna, istərsə də Azərbaycan üçün böyük maraq kəsb edir, çünki Avropaya yol açır və buna paralel olaraq əlavə qaz kəməri infrastrukturu inşa etmədən Ukraynaya qaz nəqlinə imkan verir. Axı, Türkiyədən Bolqarıstana, Bolqarıstandan Rumıniyaya, Rumıniyadan Ukraynaya boru kəməri artıq mövcuddur.
Transanadolu qaz kəmərinin bütün maraqlanan şirkətlər üçün açıq olduğunu bildirən səfir demişdir: “Layihənin 80 faizi Azərbaycana məxsusdur. Azərbaycan bu layihədəki payının 51 faizini özündə saxlayacaq, qalan 29 faizini marağı olan ölkə və şirkətlərlə bölüşəcəkdir. Ukrayna ən potensial və iri qaz istehsalçılarından biri kimi TANAP qaz kəmərinin tikintisi üzrə konsorsiumun iştirakçısı olsa, biz yalnız sevinərik, çünki Azərbaycan Ukraynanın enerji müstəqilliyində və təhlükəsizliyində maraqlıdır”.
E.Mədətlinin fikrincə, Azərbaycan-Ukrayna əməkdaşlığının möhkəmlənməsi üçün böyük perspektiv vardır. Məsələn, “Sarmatiya” layihəsi çərçivəsində. Xatırladım ki, daha əvvəl Azərbaycan, Polşa, Ukrayna, Gürcüstan və Litva neft kəmərini Plotsk və Qdanska qədər çəkmək barədə razılığa gəlmişdilər və bunun üçün müştərək “Sarmatiya” müəssisəsi yaratmışdılar. Layihə üçün texniki-iqtisadi əsaslanma hazırdır və hazırda layihəyə hazırlıq işləri aparılır. Polşa və Ukrayna ərazisində müəyyən işlər görülmüşdür, lakin tikintinin davam etdirilməsi üçün maliyyə mənbələri hələlik tapılmamışdır. Hazırda Polşa və Ukrayna Avropa İttifaqı ilə birlikdə Odessa-Brodı qaz kəmərini dirçəltmək məsələlərini müzakirə edirlər.
Odessa-Brodı qaz kəmərinin Qdansk və Plotska qədər çəkilməsinin bugünkü perspektivlərinin pis olmadığını hesab edən E.Mədətli demişdir: “Çünki bu layihənin bütün iştirakçıları onun başa çatdırılmasında maraqlıdır. Neft tankerlərlə Rumıniyanın Konstansa limanına, oradan isə Odessa-Brodı boru kəməri ilə Ukraynaya daşınsa, bu layihə başqa istiqamətdə də inkişaf edə bilər”.