FAO Azərbaycanda zərərvericilər və pestisidlərin idarə edilməsinə dair 4 illik layihəyə start verib
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də FAO Azərbaycanın zərərvericilər və pestisidlərin idarə edilməsinə dair dördillik layihəyə başlaması ilə bağlı Bakıda ilk seminar təşkil edib.
AZƏRTAC xəbər verir ki, layihənin ilk seminarı pestisidlərin dövriyyəsinin idarə edilməsi və onların zərərsizləşdirilməsi sahəsində əməkdaşlığın yaradılmasını hədəfləyir. Tədbiri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi təşkil edib.
Təxmin edilir ki, dünyada istifadə olunan pestisidlərin yarısı istifadəyə yararsız vəziyyətdədir və onların əksəriyyəti keçmiş Sovet İttifaqının ərazisində, xüsusilə də Mərkəzi Asiya ölkələrindədir. Mərkəz olan mühüm bir subregionda pestisidlər kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda geniş istifadə olunur. Lakin, hüquqi tənzimləmə, idarəetmə və bir çox məsələlərdə hələ də çatışmazlıqlar var.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu nöqsanların aradan qaldırılması üçün “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” adlı regional layihəyə start verib. Keçən həftə Qırğızıstanın paytaxtı Bişkekdə təqdim olunan layihənin ilk seminarı mayın 3-də Bakıda keçirilib.
Qlobal Ətraf Mühit Fondu (GEF) tərəfindən maliyyələşdirilən bu dördillik layihənin məqsədi istifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş ərazilərdən DÜÇ-lərin ətraf mühitə sızmasını azaltmaq və pestisidlərlə düzgün mübarizə aparmaq üçün potensialı gücləndirməkdir.
FAO-nun beynəlxalq eksperti Tania Santivanez zərərvericilərlə mübarizə və pestisidlərin idarə olunması barədə danışarkən qeyd edib: “Biz əkinçilik, bitki istehsalı və məhsuldarlıqla yanaşı, zərərvericilərin və pestisidlərin kiçik fermerlərə, bazarlara, ticarətə və təbii sərvətlərə necə təsir göstərməsi ilə bağlı da danışırıq. Bu, sağlam qidaların mövcudluğuna və sağlam qidanın əldə olunmasına təsir göstərməklə ümumi ərzaq sisteminə təsir göstərir”.
T. Sentivanez qeyd edib ki, region üzrə 900 min tonluq çirkləndiricilər və yararsız olan pestisidlər təhlükəsiz qaydada məhv olunmalıdır və çirklənmiş sahələr bərpa olunmalıdır. İqlim dəyişməsi və əkinçilik məhsullarının istehsalının intensivləşməsi zərərvericilərin və xəstəliklərin faizini artırır. Hesablamalara görə, həşəratlardan, otlardan və xəstəliklərdən təxminən illik itkilər 20-40 faiz təşkil edir. Pestisidlər məhsul zərərlərinin azaldılmasında mühüm rol oynayır. Lakin düzgün istifadə edilmədikdə, insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərə bilər. O, bildirib ki, FAO bu layihəyə inteqrasiya olunmuş zərərvericilərin idarə olunması ilə yanaşı, alternativ həllərin artırılmasını və davamlı kənd təsərrüfatı naminə müəyyən məhsullara aqroekoloji yanaşmaların təşviq edilməsini qarşıya məqsəd qoyub.
Seminarda qeyd edilib ki, Azərbaycan hökumətindən, qeyri-hökumət təşkilatlarından və universitetlərdən müxtəlif mütəxəssislərin iştirakı ilə zərərvericilər və pestisidlərin idarə olunması üzrə layihənin effektiv həyata keçirilməsi üçün aydın bir yol xəritəsi hazırlanacaq.