MƏDƏNİYYƏT
Fəxri xiyabanda Xalq Şairi Rəsul Rzanın xatirəsi anılmışdır
Bakı, 1 aprel (AZƏRTAC ). Aprelin 1-də Fəxri xiyabanda Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəsul Rzanın vəfatının 30 ilinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ziyalıların, tanınmış filoloq alimlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Şairi Fikrət Qoca Rəsul Rza poeziyasının səmimiyyət və həzinliklə cilalanmış fəlsəfəsindən, şairin sovet dövrü üçün gözlənilməz olan kəskin tənqidi fikirlərindən, eyni zamanda, xalqını gözləyən bəlaları uzaqgörənliklə qələmə almasından danışmışdır.
Şair-publisist Azər Abdulla, şairlər Ramiq Muxtar, Fərqanə Mehdiyeva və başqaları Rəsul Rzanı ədəbiyyatımızın inkişafına əhəmiyyətli təsir göstərən, Azərbaycan dilinə dövlət dili statusu verilməsinə çalışan, müstəqilliyimiz uğrunda mübarizə aparan ictimai xadim, böyük sima kimi səciyyələndirmişlər. Türkdilli xalqların şeirlərinin Azərbaycana gətirilməsində şairin əvəzsiz xidmətləri diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, müasirlik və novatorluq Rəsul Rzanın yaradıcılığının əsas mövzusu olmuşdur.
Şairin oğlu, AYB-nin sədri, Xalq Yazıçısı Anar ailə üzvləri adından tədbirin iştirakçılarına minnətdarlığını bildirmişdir.