CƏMİYYƏT
FHN-in “112” qaynar telefon xəttinə psixoloji yardımla bağlı 650-dən çox zəng daxil olub
Bakı, 2 may, AZƏRTAC
Məlumat verildiyi kimi, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq məqsədilə cari il aprelin 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub.
FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində nazirliyin xüsusi hazırlıqlı psixoloqları işləyir. Fəaliyyət göstərdiyi gündən bu günədək psixoloji yardımla bağlı qaynar xəttə 650-dən çox müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatçılıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində iş həyatına alışmış və hazırda gündəlik rejimini düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil.
Qeyd edək ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmağa kömək etməkdən ibarətdir. Zəng edən şəxslər göstərilən yardıma görə öz təşəkkürlərini bildirirlər.