İDMAN
FHN-nin İdman Sağlamlıq Klubunun atıcılıq üzrə çempionatı keçirilib
Bakı, 23 avqust (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun atıcılıq üzrə növbəti çempionatı keçirilib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, FHN-nin Akademiyasında keçirilən yarışa nazirliyin hər birində iki iştirakçı olan 25 komandası qatılıb.
Çempionatda regional bölmələrdən Bakı, Sumqayıt, Gəncə, Şimal, Cənub və Qarabağdan olan iştirakçılar təmsil olunub.
Tədbirdə klubun rəisi Füzuli Musayev çıxış edərək yarışın əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Sonra çempionata start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda həm komanda, həm də şəxsi hesabda qaliblər müəyyənləşib.
Komanda hesabında ilk üç yeri müvafiq olaraq FHN-nin Akademiyası, Dövlət Yanğından Mühafizə və Dövlət Sularda Xilasetmə xidmətlərinin təmsilçiləri tutublar.
Şəxsi hesabda isə Seymur Babayev (DYMX), Laçın Babayev (FHN-nin Akademiyası) və Vaqif Pişiyari (DSXX) müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə diplom, fəxri fərman, kubok və hədiyyələr təqdim olunub.