DÜNYA
Filippində peyvənd olunmayanlar ictimai nəqliyyata buraxılmayacaqlar
Tokio, 13 yanvar, AZƏRTAC
Filippinin hakimiyyət orqanları COVID-19-a qarşı peyvənd olunmayan vətəndaşların ictimai nəqliyyata buraxılmaması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Filippin Nəqliyyat Nazirliyinin saytında yerləşdirilib. Qərarda bildirilir ki, operator şirkətlər bundan sonra yalnız tam peyvənd olunmuş vətəndaşlara ictimai nəqliyyatdan istifadəyə icazə verəcəklər.
Bu qadağanın peyvəndə qarşı əks göstəriciyə malik olan Manila sakinlərinə və səhiyyə müəssisələrində çalışanlara tətbiq olunmayacağı qeyd edilir.
Filippin xəbərlər agentliyinin məlumatına görə, həmin qadağa yanvarın 17-dən qüvvəyə minəcək.
Əlavə olaraq qeyd edək ki, Filippin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkə üzrə virusa yoluxanların ümumi sayı 3 milyon nəfəri ötüb. Son sutka ərzində Filippində 32 min 200 yoluxma halı qeydə alınıb, onlardan 144-nün həyatını itirdiyi bildirilir.
Ümumiyyətlə pandemiya başlayandan bəri ölkə üzrə 2,8 milyon nəfərin sağaldığı, 52,5 min nəfərin öldüyü qeyd edilir. Filippin səhiyyə işçilərinin ümumi sayı 109 milyon nəfər olan ölkə əhalisinin 48,8 faizinə tam peyvənd vurduğu da bildirilir. Peyvəndin ilk dozasını isə əhalinin 53,6 faizinin aldığı qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio