ELM VƏ TƏHSİL
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin müəssisələrində ötən il 272 tədqiqat işi aparılıb
Bakı, 21 yanvar, AZƏRTAC
Ötən il bölmənin müəssisələrində həm fundamental, həm də tətbiqi xarakterli tədqiqatlar aparılıb və bir sıra mühüm elmi nəticələr əldə olunub.
AZƏRTAC xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabat iclasında bölmənin Elmi şurasının sədri akademik Rasim Əliquliyev deyib.
Akademik qeyd edib ki, bölmənin müəssisələrində 7 elmi istiqamət üzrə 37 problemə aid 108 mövzu üzrə 272 tədqiqat işi aparılıb və bu tədqiqatlardan 46-sı bölmə tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirilib.
R.Əliquliyev bölməyə daxil olan müəssisələrin əməkdaşları tərəfindən kitab və monoqrafiyalar, nüfuzlu elmi bazalara daxil olan jurnallarda işıq üzü görmüş məqalələr, alınmış patentlər haqqında məlumat verib. Elmi şuranın sədri hesabat ilində 1062 məqalənin (952-si nüfuzlu xarici elmi jurnallarda) dərc olunduğunu, bu məqalələrin 529-nun “Veb of Science” və “Scopus” bazasına daxil olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü bildirib. O, həmçinin müxtəlif parametrlər üzrə elmmetrik göstəriciləri təqdim edib, bölmənin əməkdaşlarının əsərlərinə olan istinadların sayını diqqətə çatdırıb.