CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyində birinci Avropa Oyunlarının açılış mərasiminə hazırlıq işləri ilə əlaqədar müşavirə keçirilib
![Fövqəladə Hallar Nazirliyində birinci Avropa Oyunlarının açılış mərasiminə hazırlıq işləri ilə əlaqədar müşavirə keçirilib](/files/2015/2/1200x630/14340251353828312899_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Fövqəladə Hallar Nazirliyində (FHN) “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə aidiyyəti üzrə hazırlıq işləri ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə müşavirə keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə birinci Avropa Oyunları ilə əlaqədar nazirlikdə yaradılmış Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlər barədə geniş məruzəsi dinlənilib.
Sonra nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki Müdafiə Qoşunları, Aviasiya dəstəsi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rabitə idarəsinin rəhbərləri görülən işlər haqqında məruzələr ediblər.
Nazir Kəmaləddin Heydərov birinci Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.