DÜNYA
Fransa hərbçiləri Malidə İŞİD və “Əl-Qaeda” ilə əlaqəli qruplaşmanın azı 30 silahlısını öldürüblər
![Fransa hərbçiləri Malidə İŞİD və “Əl-Qaeda” ilə əlaqəli qruplaşmanın azı 30 silahlısını öldürüblər](/files/2020/1/1200x630/1581158100606263606_1200x630.jpg)
Bakı, 8 fevral, AZƏRTAC
Fransa hərbçiləri Malidə keçirdikləri ikigünlük hərbi əməliyyatlarda İŞİD və “Əl-Qaeda” ilə əlaqəli qrupun azı 30 silahlısını öldürüblər. AZƏRTAC Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin qərargahı məlumat yayıb. Ölkənin Qurma rayonunda fransız əsgərləri tərəfindən 20 silahlı öldürülüb və çoxlu sayda hərbi texnika məhv edilib. Liptako rayonunda isə dronlar və helikopterlərin də iştirakı ilə həyata keçirilən hərbi əməliyyatda 10 terrorçu zərərsizləşdirilib.
Qərbi Afrika ölkələrində keçmiş müstəmləkəçi olan Fransanın hazırda bu regionda 4,500 əsgəri var. Bu ölkənin hərbi kontingenti 2014-cü ildən indiyədək regionda bir neçə böyük antiterror əməliyyatı həyata keçirib. Ötən ilin dekabrında həyata keçirilən hərbi əməliyyat zamanı Mavritaniya ilə sərhəddə “Əl-Qaeda” ilə əlaqəli olan qruplaşmanın 33 silahlısı öldürülüb. Bundan başqa, Malidə BMT-nin də 13 min əsgərlik sülhməramlı hərbi kontingenti yerləşdirilib.