DÜNYA
Fransada dövlət qulluğu sahəsində islahatlara etiraz olaraq diplomatlar tətil edirlər
Paris, 2 iyun, AZƏRTAC
Bu gün Fransanın Xarici İşlər Nazirliyinin əməkdaşları tətil edirlər. Tətilin səbəbi Respublika Prezidentinin diplomatik korpusun yenidən strukturlaşması təklifidir. Artıq diplomatlar digər nazirliklərdən və hətta özəl sahədən də təyin edilə bilərlər. Bunun Fransa diplomatiya sahəsində nadir hadisə olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, Fransa diplomatlarının adından həmkarlar ittifaqları Xarici İşlər Nazirliyinin 13 500 əməkdaşını tətil etməyə çağırıb.
“Diplomat Kənd Təsərrüfatı Nazirliyində peşəkar direktor müavini vəzifəsinə və ya Kənd Təsərrüfatı Nazirliyinin direktor müavini peşəkar diplomat vəzifəsinə təyin edilə bilməz. Diplomatiya zəifləməyi deyil, daim möhkəmlənməyi tələb edən peşədir”,- deyə bəzi keçmiş diplomatlar vurğulayıblar.
Xarici İşlər Nazirliyinin tarixində ikinci olan bu tətil çağırışının əsasında Prezident Emmanuel Makronun yüksək dövlət qulluğu sahəsində aparılan islahatlar çərçivəsində diplomatik korpusun ləğv edilməsi təklifi durur. Bu islahata görə artıq diplomatlara bütün karyeralarını XİN-də keçirmək zəmanəti verilmir. Ölkədə çoxları bunu peşəkar diplomatiyanın sonu kimi görür.
Karyeralarını dağılmasına, peşə böhranına, ABŞ və Çindən sonra üçüncü beynəlxalq şəbəkə olan Fransanın təsirinin azalmasına işarə edən diplomatlar “Avropada müharibənin geri döndüyü” vaxtda belə bir islahatı qeyri-məntiqi (non-sens) adlandırırlar. Bunun etimad münasibətlərinə təsir etdiyini vurğulayırlar. Tətilçilər ardıcıl islahatların və diplomatiyanın əsaslarının qiymətləndirilməsini tələb edirlər.
Qeyd edilir ki, diplomatların yuxarıda sadalanan tələbləri artıq yeni Xarici İşlər naziri Katerin Kolonanın stolunun üstündə həllini gözləyən böyük bir fayldır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris