DÜNYA
FRANSADA PREZİDENT SEÇKİLƏRİNİN BİRİNCİ DÖVRƏSİ “SİYASİ ZƏLZƏLƏ” TÖRƏTDİ
Aprelin 22-nə keçən gecə Fransa siyasi sarsıntı keçirdi, çünki ifrat sağ Milli Cəbhənin lideri Jan-Mari Le Pen gözlənilmədən prezident seçkilərinin ikinci dövrəsinə çıxmışdır. Bu, sosialistlərin lideri baş nazir Lionel Jospen başda olmaqla sol qüvvələrin məğlubiyyətindən sonra mümkün olmuşdur.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, birinci dövrədə indiki prezident Jak Şirak 19,67 faiz, Le Pen 17,02, Lionel Jospen 16,07 faiz səs toplamışdır. Beləliklə, Jak Şirak və Le Pen seçkilərin ikinci dövrəsinə çıxmışlar. Dövlətin yeni başçısı mayın 5-də keçiriləcək ikinci dövrədə seçiləcəkdir. Son saatların hadisələrini burada “siyasi zəlzələ” adlandırırlar - Fransa kəskin surətdə sağa doğru istiqamət götürmüşdür.
Lionel Jospen dramatik bir bəyanat verərək, sol qüvvələrin “günün günorta çağı çaxan ildırımı” xatırladan məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürdüyünü vurğulamış və siyasətdən getdiyini, lakin mayın 5-dək - seçkilərin ikinci dövrəsi keçiriləcək günədək hökumətin başçısı vəzifəsində qaldığını bildirmişdir.
Seçkilərin birinci dövrəsi Avropa Birliyi ölkələrində ifrat sağ, millətçi qüvvələrin gücləndiyini və onların öz proqramını geniş populizm, ksenofobiya (əcnəbilərə nifrət) üzərində və dünyanın qloballaşması ilə əlaqədar əhalinin vahiməsi üzərində qurduqlarını nümayiş etdirmişdir. Avronun ləğvi və frankın bərpası, Maastrixt sazişlərindən çıxmaq uğrunda çıxış edən Milli Cəbhə liderinin uğuru Brüsseldə və digər Avropa paytaxtlarında yüksək əsəbilik doğurmuşdur.
İTAR-TASS-ın verdiyi xəbərə görə, bazar ertəsinə keçən gecə Fransanın Paris, Lion, Qrenobl, Marsel və digər iri şəhərlərində ifrat sağ qüvvələrə və Milli Cəbhənin lideri Jan-Mari Le Penə qarşı etiraz nümayişləri keçirilmişdir. Nümayişçilər - əsasən gənclər - Le Penin prezident seçkilərində ikinci dövrəyə çıxmasına qarşı etiraz etmişlər. Məsələ bundadır ki, Ultrasağların bu lideri Fransada ksenofobiyanın və etnik dözümsüzlüyün təcəssümü sayılır.
Seçkilərin birinci dövrəsində prezident vəzifəsinə cəmi 16 namizəd olmuşdur. Qeydə alınmış seçicilərin 27,47 faizi seçkilərdə iştirak etməmişdir.