SİYASƏT
“Gaceta UNAM”: Azərbaycan Avrasiya regionunun enerji xəritəsini dəyişərək, mühüm nəqliyyat və enerji mərkəzinə çevrilib


Bakı, 22 sentyabr, AZƏRTAC
Latın Amerikasının ən nüfuzlu təhsil ocaqlarından olan Meksika Milli Muxtar Universitetinin (UNAM) mətbu orqanı “Gaceta UNAM” qəzetində “Azərbaycan mühüm enerji mərkəzidir” başlıqlı məqalə dərc edilib. Məqalə Siyasi və sosial elmlər fakültəsinin Beynəlxalq münasibətlər mərkəzinin müəllimi Talya İşcanın müsahibəsi əsasında qələmə alınıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan və Cənubi Qafqaz regionunun günbəgün artan əhəmiyyəti vurğulanır, ölkəmizin postmünaqişə dövründə üzləşdiyi çağırışlara diqqət çəkilir.
Qeyd olunur ki, əlverişli geostrateji mövqeyə malik olan Azərbaycan son illərdə Avrasiya regionunun enerji xəritəsini bütünlüklə dəyişərək mühüm nəqliyyat və enerji mərkəzinə çevrilib və Latın Amerikası ölkələri Azərbaycanın təklif etdiyi imkanları nəzərə almalıdır.
Məqalədə Cənubi Qafqazın bu gün Şərq və Qərb dünyası arasında birləşdirici rol oynadığı vurğulanır, hazırda dünyanın ən çox sanksiyalara məruz qalan iki ölkəsi – Rusiya və İranın strateji mövqelərinin zəifləməsi ilə birlikdə Azərbaycanın dünyamiqyaslı layihələrlə önə çıxdığı bildirilir. Avropa və Asiya arasındakı ən qısa dəmir yolu marşrutu, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi buna misal göstərilir.
Eyni zamanda, Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasından və mövcud vəziyyətdən də bəhs olunub.