MƏDƏNİYYƏT
Gənc azərbaycanlı vokalçı Parisdə beynəlxalq festivalın qalibi olmuşdur
Paris, 4 iyul (AZƏRTAC). Fransanın paytaxtındakı “Gimnaziya “ teatrında “Paris səması“ adlı Beynəlxalq mahnı festivalı keçirilmişdir.
Festivalda Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, Fransa, İsveçrə və digər ölkələrdən müxtəlif yaş qrupunda 300-dən artıq ifaçı iştirak etmişdir.
Mötəbər musiqi yarışmasında ölkəmizi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti İslam Qasımov təmsil etmişdir.
Festivalda rəqs, teatr, estrada və akademik vokal, musiqi alətlərində ifa nominasiyaları üzrə qaliblər müəyyənləşmişdir.
Akademik vokal nominasiyasında gənc azərbaycanlı vokalçı İslam Qasımov görkəmli bəstəkar Tofiq Quliyevin “Bakı haqqında mahnı” və italyan bəstəkarı E.Kurtisin “Sorenteya qayıt” əsərlərini ifa etmişdir.
Gənc azərbaycanlı vokalçı İslam Qasımovun ifası münsiflər heyəti tərəfindən birinci yerə layiq görülmüş, onun müəllimi Məryəm Babayevanın əməyi yüksək qiymətləndirilmişdir.
Azərbaycan Milli Konservatoriyasının dosenti M. Babayeva AZƏRTAC-a müsahibəsində öz yetirməsi barədə belə demişdir: “Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti İslam Qasımov, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki musiqi məktəbinin dördüncü sinfinin vokal şöbəsində təhsil alır. Beynəlxalq festivalda ilk dəfə gücünü sınayan gənc vokalçı Azərbaycanda dəfələrlə uğurlu çıxışları ilə seçilmişdir. Onun filarmoniyada Dövlət kamera orkestrinin müşayiəti ilə çıxışı yaddaqalan olmuşdur. Gənc vokalçının 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Qala“ festivalında və 2011-ci ildə Bakıda ölkəmizin qonağı olan məşhur italyan müğənnisi Roberino Loretti ilə birlikdə ifa etdiyi mahnılar musiqisevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. İnanıram ki, istedadlı şagirdim gələcəkdə yeni-yeni uğurlar qazanacaq və təmsil etdiyi ölkənin mədəniyyətinə şanlı səhifələr yazacaqdır”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris