GƏNC MEMARLARIN LAYİHƏLƏRİNDƏN ŞƏMKİRDƏ APARILACAQ YENİDƏNQURMA İŞLƏRİNDƏ İSTİFADƏ EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Şəmkir şəhərinin Səməd Vurğun küçəsində aparılacaq yenidənqurma və tikinti işləri ilə bağlı hazırlanmış layihələrin sərgi-müsabiqəsi keçirilmişdir.
Universitetin rektoru Gülçöhrə Məmmədova bildirmişdir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq Azərbaycanın bütün rayonlarında geniş quruculuq və abadlıq işləri aparılır. “Regionların inkişafı” İctimai Birliyinin təşəbbüsü ilə Şəmkir şəhərinin Səməd Vurğun küçəsində yenidənqurma işlərinin aparılması, tarixi binaların bərpası, istirahət parklarının salınması, avtobus dayanacaqlarının inşası ilə bağlı layihələrin hazırlanması məqsədi ilə 2007-ci ilin oktyabrında AMİU-nun bir qrup müəllim və tələbəsi bu şəhərə ezam edilmişdir.
Görüləcək işlər yerində öyrənildikdən sonra müəllimlərin rəhbərliyi altında 4 qrupa bölünmüş 12 tələbə tərəfindən müvafiq layihələr hazırlanmışdır. Bugünkü sərgi-müsabiqənin də məqsədi həmin layihələrin ən yaxşılarının seçilməsindən və icra olunması üçün təqdim edilməsindən ibarətdir. Tərkibinə Memarlar İttifaqının, İctimai Birliyin nümayəndələrinin və universitet rəhbərliyinin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyən ediləcək qaliblər İctimai Birlik tərəfindən mükafatlandırılacaqdır.
Sonra sərgi-müsabiqəyə baxış keçirilmiş, ən yaxşı layihələr seçilmişdir.