REGİONLAR
Gəncə Dövlət Dram teatrının kollektivi “Çingiz xanın buludu” adlı yeni əsərin onlayn məşqlərinə başlayıb
Gəncə, 4 may, Rauf Hacıyev, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi günlərində Gəncə Dövlət Dram Teatrı öz tamaşalarını onlayn təqdim edir.
Teatrın Ədəbi-hissə müdiri Anar Burcəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən həftə yayımlanan tamaşalara, ümumilikdə, 2667 baxış olub.
Kollektiv, həmçinin yeni pyesin üzərində onlayn məşqlərə başlayır.
“Rejissor Elşad Əhmədovun quruluşunda Yelena Barançikovanın “Çingiz xanın buludu” pyesi üzərində yaradıcılıq işinə onlayn olaraq başlanılıb. Yeni hazırlanan pyesdə əsas rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Sevda Orucova, Ramiz Vəliyev, aktyorlar Sevinc Hüseynova, Murad Meyfəliyev, Samir Abbasov, Emil Salmanov, Elmir Məmmədov və Tural Ağayev ifa edəcəklər”, - deyə Anar Bürcəliyev qeyd edib.
Tamaşanın quruluşçu rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı isə Ziyad Abbasovdur. Yeni hazırlanan tamaşanın mayın sonunda təhvil verilməsi planlaşdırılır.