İQTİSADİYYAT
“Gəncə Xalça Kombinatı” MMC-dəki dövlət payı özəlləşdirilməyə çıxarılır
Bakı, 16 avqust, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payın özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlət payının özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinə ümumi nominal dəyəri 12 milyon 956 min 500 manat olan 129 min 565 pay (əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissə əlavə olunmaqla) satışa çıxarılıb.
Cəmiyyətin nizamnamə kapitalı 14 milyon 260 min manat, öhdəlikləri 447 min 543 manat, debitor borcu 152 min 866 manat təşkil edir.
Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 15 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, müasir avadanlıq və texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidirlər.
Müsabiqə qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 7 milyon manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.
İnvestisiya müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə link vasitəsilə tanış olmaq olar: https://bit.ly/3zVIJin
İddiaçıların ərizə və təkliflərinin qəbulu 2022-ci il sentyabrın 15-dək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaq.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 2022-ci il sentyabrın 16-sı saat 15:00-dan başlayaraq həyata keçiriləcək.