SİYASƏT
Gəncədə 12 noyabr - Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilmişdir
Gəncə, 12 noyabr (AZƏRTAC). Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 12 noyabr -Konstitusiya Gününə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə universitetin rektoru Elman Məmmədov müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan keçən dövrdə qazanılan uğurlardan danışmış, bu sahədə ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söhbət açmışdır.
Sonra şəhər icra hakimiyyət başçısının birinci müavini İlham Əliyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və başqaları çıxış edərək dövlətimizin hüquqi bazası olan Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarından, eləcə də dünyəvi dövlət quruculuğunda onun rolundan danışmışlar.
“Dəyirmi masa”nın sonunda bir neçə gün əvvəl Gəncədə ali və orta ixtisas məktəbləri tələbələrinin iştirakı ilə “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilən olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Olimpiadada 1-3-cü yerləri tutan, eləcə də yüksək bal toplayan tələbələrə diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.