Gəncədə evləri söküləcək 150 ailə müasir binalardakı mənzillərlə təmin ediləcək
Gəncə, 19 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin Nizami prospektinin Gəncə çayı ilə kəsişdiyi yerdən Heydər Əliyev prospektinə, yəni şəhərin mərkəzinədək olan hissəsi müasir görkəm alacaq. Yol kənarındakı ticarət dükanları söküləcək, həyət evlərinin sakinləri isə qarşılıqlı razılıq əsasında yeni tikiləcək hündürmərtəbəli binalarda daha geniş və hər bir şəraiti olan mənzillərlə təmin ediləcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2018-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verib.
Bildirilib ki, Nizami Gəncəvi prospektinin Gəncə çayı üzərindəki körpüdən Heydər Əliyev prospektinə qədər olan hissəsində “Architect World” MMC tərəfindən 7 ədəd müxtəlif bloklu 9 mərtəbəli yaşayış kompleksi inşa ediləcək. Binaların birinci mərtəbəsində iaşə xidməti obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək. Prospektin genişləndirilməsi layihəsi çərçivəsində evləri sökülmüş 150-dən çox ailə isə yaşayış yerlərinin ümumi sahəsinə uyğun olaraq həmin binalarda mənzillərlə təmin ediləcəklər.