CƏMİYYƏT
Gəncədə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün reyd keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin və şəhər icra hakimiyyətinin əməkdaşları ilə birgə Gəncə şəhəri ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində keçirilən reyd zamanı qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi məntəqələr aşkar edilib.
Faktlarla əlaqədar məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.