REGİONLAR
GƏNCƏDƏ QLOBAL İQLİM DƏYİŞİKLİYİ MÜZAKİRƏ OLUNMUŞDUR
Gəncə, 30 avqust (AZƏRTAC). İqtisadi Tədqiqatlar Mərkəzi ATƏT-in Bakı ofisinin, “Statoil” və Avstriya hökumətinin maliyyə dəstəyi ilə “İqlim dəyişmələrinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması” layihəsi çərçivəsində Gəncədə seminar keçirmişdir.
Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların fermer təsərrüfatları rəhbərlərinin, dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən seminarda bildirilmişdir ki, hazırda qlobal iqlim dəyişikliklərini yaradan amillərin təsirinin azaldılması istiqamətində ciddi tədbirlər görülür. Elə bu məqsədlə bölgələrdə araşdırmalar aparılaraq nəticələr təhlil edilir və qabaqlayıcı tədbirlərin görülməsi üçün layihələr həyata keçirilir. Təcrübə göstərir ki, atmosferin ozon qatına təsir edən dağıdıcı məhsul istehsalının dayandırılması sahəsində əhalinin maarifləndirilməsinə böyük ehtiyac var və buna görə də Gəncə-Qazax iqtisadi rayonunda qlobal iqlim dəyişikliyinin, onun təsərrüfatlara vurduğu ziyanın səbəbləri öyrənilir. Nəticələr ümumiləşdirildikdən sonra bölgədə onun yekun müzakirəsi aparılacaqdır.
Sonra fermer təsərrüfatlarının rəhbərləri çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirmiş, bəzi strateji ərzaq məhsullarının istehsalı sahəsində qarşılaşdıqları problemlərin həlli ilə bağlı təkliflərini səsləndirmişlər.
Layihənin əlaqələndiricisi Aytən Əsgərova seminara yekun vuraraq tədbirin digər bölgələrdə də keçiriləcəyini diqqətə çatdırmışdır.