SİYASƏT
Gəncədə seçki hüquqları ilə bağlı maarifləndirici zona müşavirəsi keçirilmişdir
Gəncə, 24 sentyabr (AZƏRTAC). Gəncədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə seçki hüquqları ilə bağlı zona müşavirəsi keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Gəncə, Yevlax, Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, Göygöl, Goranboy rayonları yerli icra hakimiyyəti strukturları nümayəndələrinin, hüquq mühafizə orqanları əməkdaşlarının, dairə seçki komissiyaları sədrlərinin və üzvlərinin, həmçinin qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən maarifləndirici müşavirəni Ombudsman Elmira Süleymanova açmışdır. O, Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı insanların maarifləndirilməsinin əhəmiyyətindən danışmış və onların hüquq və vəzifələri, seçkilərlə bağlı problemlərin aradan qaldırılması yolları barədə ətraflı məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyasının məsul işçisi İlham Yusifov Seçki Məcəlləsi və ona edilən dəyişikliklər, seçki zamanı müşahidələrin aparılması qaydaları, seçkilərin azad və şəffaf keçirilməsi üçün dairə seçki komissiyaları və seçki məntəqələri üzvlərinin vəzifələri barədə məruzə ilə çıxış etmişdir.
Müşavirədə iştirakçıların suallarına aydınlıq gətirilmişdir.