ELM VƏ TƏHSİL
GƏNCLƏR ÜÇÜN TƏHSİL MƏRKƏZİ “TEXNİKİ-PEŞƏ TƏHSİLİNİN İNKİŞAFINA DƏSTƏK” LAYİHƏSİNİ HƏYATA KEÇİRİR
Bakı, 10 sentyabr (AZƏRTAC). Gənclər üçün Təhsil Mərkəzi cari ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsini həyata keçirir.
Mərkəzdən bildirilmişdir ki, layihənin məqsədi ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatın ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmaqdır.
Hazırda layihə çərçivəsində texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, gənclərdə texniki peşə təhsilinə həvəsin artırılması, texniki peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə çalışan mütəxəssislərin müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, hazırda respublikada 114 texniki peşə təhsili müəssisəsi mövcuddur. Onlardan 7-si işğal olunmuş ərazilərdə fəaliyyət göstərmiş və hazırda fəaliyyəti dayandırılmış peşə məktəbləridir. Fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə məktəbi və peşə liseylərində 101 peşə üzrə 23 mindən artıq şagird təhsil alır.