İDMAN
Gənclər və idman naziri 44-cü Ümumdünya Şahmat Olimpiadasında çıxış edəcək komandalarımızın hazırlığı ilə maraqlanıb
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də gənclər və idman naziri Fərid Qayıbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında ölkəmizi təmsil edəcək yığma komandanın üzvləri ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şahmatçıları salamlayan nazir onların hazırlığı ilə maraqlanıb, qarşıdakı yarışda uğurlar arzulayıb.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov həm kişi, həm də qadın yığma komandalarının üzvlərini təqdim edib. Bildirib ki, hər iki komandanın heyəti yetərincə təcrübəli şahmatçılardan ibarətdir.
Olimpiadada iştirak edəcək şahmatçılarla fikir mübadiləsi aparan nazir onların suallarını cavablandırıb.
Görüşdə nazir müavini Mariana Vasileva, AŞF-nin vitse-prezidenti Faiq Həsənov və baş katibi İlahə Qədimova da iştirak ediblər.
Qeyd edək ki, Olimpiada iyulun 28-dən avqustun 10-dək Hindistanın Çennay şəhərində keçiriləcək. Kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov cəlb olunub. Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva çıxış edəcəklər.